Azərbaycan Cənub-Şərqi Avropanın enerji ilə təmin olunmasında açar oyunçuya çevrilib.
Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında İstanbulda səfərdə olan ATƏT-in Parlament Assambleyası İpək Yolu Qrupunun sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Onun sözlərinə görə, bu gün bir çox ölkələr, xüsusilə Avropa ciddi enerji böhranı ilə üz-üzədir: “Ukrayna məsələsindən dolayı Rusiya ilə enerji əməkdaşlığı dünya üzrə demək olar ki, sıfıra enməkdədir, alternativ enerji mənbələrinin tapılması olduqca labüd hal alır. Məhz bu ilin iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumu Avropanın alternativ enerji ilə təmin olunmasında açar rolu oynayır”.
Deputat qeyd edib ki, Avropa İttifaqının rəhbərliyi, başda xanım Ursula Von der Leyen olmaqla, Azərbaycanla bu əməkdaşlıqdan məmnunluğunu ifadə edir.
Digər tərəfdən, onun sözlərinə görə, beynəlxalq nəqliyyat əlaqələrinin qurulmasında da Azərbaycan ciddi çəkiyə malikdir: “Əgər nəzərə alsaq ki, indi dəniz logistikasında və nəqliyyatında çox böyük çətinliklər var, qiymətlər sürətlə artır, Azərbaycanın bu sahədə oynadığı rol, “Orta Dəhliz”in inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər ölkənin bölgənin habına çevrilməsinə səbəb olub. Prezidentin dediyi kimi, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.
O, vurğulayıb ki, İpək Yolu Qrupunun bugünkü İstanbul konfransının gündəliyinə hazırkı böhran dövründə enerji problemlərini, ərzaq böhranını necə həll etmək olar, yaxud nəqliyyat-kommunikasiya əlaqələrini necə gücləndirmək olar kimi lazımi həll yolları daxildir.
A.Quliyev xatırladıb ki, ATƏT-in Parlament Assambleyasının nəzdində yaradılmış İpək Yolu Qrupu 5 ildir fəaliyyət göstərir: “Hazırda qrup 27 ölkəni birləşdirir. Bu təxminən ATƏT-in Parlament Assambleyasında təmsil olunan dövlətlərin yarısına yaxındır və çox mühüm bir platformadır”.