“Artıq Azərbaycanda geoparkların yaradılması üçün potensial ərazilər müəyyən edilib”.
Bunu Milletinsesi.info-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev bildirib.
Onun sözlərinə görə, Naxçıvanda bir neçə geoloji ərazilərə, Bakıda isə bəzi palçıq vulkanlarının geopark statusunun verilməsi nəzərdə tutulub:
“Həmin vulkanların tərkibində geoparkların yaradılması ilə bağlı işlərə başlanılıb. Bildiyiniz kimi, geopark həm də UNESCO-nun mühafizə olunan kateqoriyalarından biridir. Çünki geoparkların irs siyahısına daxil edilməsi üçün nominasiya sənədi hazırlanmalıdır.
Azərbaycanda müəyyən edilmiş ərazilərin yekun olaraq xəritə sxemləri çəkilməli, texniki dəyərləndirmə prosesi getməli və əcnəbi ekspertlərin təklifləri tam hazır olmalıdır. Çətin proses olsa da, işləri iki il ərzində yekunlaşdırmağı planlaşdırmışıq”.
Qeyd edək ki, 2018-ci ildən ölkəmizdə yerləşən palçıq vulkanlarının UNESCO Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi və bununla da ölkə üzrə yayılmış çoxsaylı palçıq vulkanlarının mühafizəsinin daha da gücləndirilməsi, elmi sahədə təcrübə mübadiləsi, həmin ərazilərdə ekoturizmin inkişafı, əhali arasında palçıq vulkanları və ətraf mühit üzrə təbliğatın aparılması istiqamətində işlər aparılır.