İmişlidə dələduzluq edən şəxslər saxlanıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli rayonunun bir neçə sakini Rayon Polis Şöbəsinə müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə iki qat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını bildiriblər.
Daxil olmuş müraciətlərlə bağlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən iki nəfər şəxs, rayonun Xəlfəli kənd sakinləri Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılmış maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Vüqar və Bahadur Qafarovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin İmişli RPŞ-nə müraciət etmələri xahiş olunur.