Bakıda sevgilisinə dəniz kənarına getməyi təklif edən QADIN HƏMCİNSİNİ DÖYÜB

 11-10-2022

Kürdəxanıda iki qadın qısqanclıq zəminində əlbəyaxa dava ediblər.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən ay qəsəbədə yerləşən “Yaşıl bağ” kafesində baş verib.

Kafedə işləyən Telnaz Qayıbova (şərti) onunla birlikdə çalışan Nazilə Cəlilovanın (şərti) sevgilisi Muradı (şərti) kafedə görüb. Həmin vaxt Muraddan işlə bağlı onu dəniz kənarına aparmasını istəyib. Onun bu təklifi Nazilənin xoşuna gəlməyib. Sevgilisini qısqanan N.Cəlilova Telnazla mübahisə edib. Mübahisə zamanı T.Qayıbova həmcinsini döyərək ona xəsarətlər yetirib.

Hadisə ilə bağlı cinayət işi başlanıb və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Telnaz məhkəmədəki ifadəsində özünü təqsirli bilib: “Kafedə olarkən orada ofisiant işləyən Nazilənin sevgilisi Murad da orada idi. Kafeyə kababçı lazım olduğundan Murada dedim ki, sənə benzin alacağam, məni maşınla Pirşağıda dəniz kənarında işləyən kababçı ilə iş barəsində danışmağa apar. Bunu eşidən Nazilə məsələni düz qavramayıb. Düşünüb ki, onun sevgilisinə dənizdə çimməyi təklif etmişəm.

Birinci dəfə mübahisə edəndə məsələnin qəlizləşməməsi xatirinə kafeni tərk etdim. İkinci dəfə kafeyə qayıdanda Nazilə yenə mənimlə mübahisəni davam etdirdiyindən əsəbiləşib onu döydüm. Üzünə şillə vurub, saçını yolaraq sol biləyini dişlədim. Nazilə də məni vuraraq saçımı yoldu. Törətdiyim əməldən peşmanam”.

Nazilə isə məhkəmədə deyib ki, Telnaz həmin vaxt Murada təklif edib ki, onu dəniz kənarına aparsın:

“Murad ona işləri olduğundan apara bilməyəcəyini dedi. Telnazın bu təklifi bir qadın kimi qüruruma toxundu. Mübahisə etdik, üzərimə hücum edib məni döydü, bədənimə xəsarətlər yetirdi, saçımı yolub biləyimi dişlədi. Onunla barışmamışam, amma həbs olunmasını da istəmirəm”.

Məhkəmə Tibb Ekspertizası müəyyən edib ki, zərərçəkmiş şəxs sol said və qarın nahiyələrindən, sağ gözündən, hər iki bazudan, sağ dizindən zədə alıb. Xəsarətlər bərk küt əşya ilə törədilib. Məhkəmə T.Qayıbovanı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilərək ona 300 saat ictimai işlər görmək cəzası verib.

Bənzər yazılar

0.14067697525024