Hikmət Babaoğlu: “İki il əvvəl Gəncədə terror aktı törədənlər gec-tez öz layiqli cəzalarını alacaqlar”

 10-10-2022

“İki il bundan əvvəl Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən bir neçə dəfə raket atəşinə tutulması hərbi cinayət və insanlığa qarşı işlədilmiş suçdur. Gəncədə terror aktı törədənlər gec-tez öz layiqli cəzalarını alacaqlar”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu deyib.

O vurğulayıb ki, bu cinayətlər xüsusi ittiham qaydasında məsuliyyət yaradır. Deputat bildirib ki, Ermənistandakı məsul şəxslər bu cinayətə görə cavab verməli olacaqlar:

“Bu, eyni zamanda beynəlxalq humanitar hüququn və müharibə hüququnun pozulmasıdır. Hazırda Azərbaycan milli hüquq sistemi çərçivəsində bununla bağlı müvafiq hüquqi prosedurları tətbiq etsə də, bu, azdır. Sözügedən cinayətlə bağlı faktlar BMT yanında Beynəlxalq Ədalət Məhkəməsinə, ya da hərbi cinayətlər üzrə ixtisaslaşmış hərbi tribunallara daşınmalıdır və bu istiqamətdə də müvafiq tədbirlər görülməkdədir”.

Erməni vandalizminin törətdiyi vəhşiliklərlə bağlı danışan H.Babaoğlu vurğulayıb ki, nə 30 il davam edən münaqişə dövründə, nə də 44 günlük müharibədə Azərbaycan heç vaxt sivil vətəndaşları hərbi hədəfə çevirməyib:

“Azərbaycan müharibəni də ləyaqətlə aparıb. Bu gün qalib ölkə kimi yenə də sülh istiqamətində təşəbbüslər irəli sürür. Ermənilər isə nə ərazilərimizi işğal edəndə, nə də məğlub olub kapitulyasiya aktına imza atanda özlərini ləyaqətlə apardılar. İndi isə hər fürsətdə ərazilərimizə minalar döşəməklə, sülhdən boyun qaçırmaqla eyni şeyi davam etdirirlər. Ancaq onların necə davranmasından asılı olmayaraq, Azərbaycan öz xalqına qarşı cinayət əməli törətmiş hər bir erməninin cəzalandırılmasına nail olacaq”.

“30 il torpaqlarımızı işğal altında saxlayarkən ermənilər elə bilirdilər ki, onların cinayətləri cəzasız qalacaq. Ancaq 44 günlük müharibədə qəhrəman ordumuz onları törətdikləri bütün cinayətlərə görə layiqincə cəzalandırdı. Şübhəsiz ki, Gəncə cinayətini törədənlər də gec-tez öz layiqli cəzalarına alacaqlar” -, H.Babaoğlu nəzərə çatdırıb.

Bənzər yazılar

0.1984589099884