Fərruxda oğlu itkin düşən ANA: “Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir” - FOTO/VİDEO

 01-04-2022

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.

Fərrux yüksəkliyində itkin düşən hərbçilərdən biri də Zaqatala rayon sakini Mehman Eminov olub.

O, 1974-cü il martın 1-də Zaqatalada anadan olub. Məktəbi bitirdikdən sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumunun arıçılıq şöbəsini bitirib.

M.Eminov könüllü olaraq Ağdam rayonunda vuruşub, topçu olub. 1993-cü il yanvarın 25-də Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Onun anası Fatma Mirzəyeva Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, son dəfə oğlunu 1993-cü il yanvarın 12-də görüb:

“Oğlum döyüşə həvəslə gedib. Biz onunla Fərrux yüksəkliyinin yaxınlığındakı Seyidlər kəndində görüşdük və bir gecə onun yanında qaldıq. Çox çətin vəziyyət idi və uzun müddət oğlumu gözlədik. Mehman gələnə kimi ona apardığım ərzağı əsgərlərə payladıq və oğluma bir ovuc yemək qaldı.

Mehman gecə gəldi və gülə-gülə: “Ana, əsgərlər mənə gətirdiyin ərzağı yeyiblərsə, elə bil ki, mən yemişəm”, - dedi. Son dəfə onunla Seyidlər kəndində, məktəblərin birində birlikdə qaldıq. Oğlumun əynində köhnə paltar və ayaqqabı var idi. Soruşdum ki, ay oğul, bunları niyə geyinmisən? Dedi ki, ölən dostunun paltar və ayaqqabısıdır.

Mən özüm komandirə yalvardım ki, oğlumun nənəsi xəstədir, ona icazə versinlər ki, bir neçə gün evimizdə qalsın. Mənə dedilər ki, yanvarın 24-dən sonra ona icazə verəcəklər. Mehmana yalvardım ki, gəl qaçaq, bizimlə gedək. O mənə dedi ki, Vətən üçün, sizin üçün vuruşuram, siz gedin. Biz də oradan çıxıb evə gəldik.

Yanvarın 24-də döyüş oldu. Sabahı gün televizorda xəbər verildi ki, Fərrux dağı düşmən tərəfindən ələ keçirildi. Balaca qızım, oğlum və mən şok vəziyyətdə qalmışdıq. İllərcə şokda oldum. O qədər onu axtardım ki... (ağlayır). Oğluma icazə verməyən komandirə dedim ki, hanı oğlum? O da mənə dedi ki, oğlun səkkiz nəfərlə birlikdə Fərruxda qalıb”.

Gözüyaşlı ana hələ də oğlunun itkin düşməsini qəbul etmir:

“Oğlumun gələcəyinə indi də ümidim var. Hər gün Allaha yalvarıram ki, mən ölənə kimi oğlumun ölüm xəbəri, ya sağ olduğu xəbəri gəlsin. Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir. Ümidlə gözləyirəm ki, Mehman gələcək”.

Bənzər yazılar

0.2370491027832