Azərbaycanın şəkər tozu Rusiya bazarlarına axır – Şəkər tozunun qiyməti ona görə qalxib?

 31-03-2022

“Son zamanlar Azərbaycan istehsalçıları şəkər tozunun daxildə deyil, daha çox Rusiya bazarında satılmasına maraq göstərir”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın Azərbaycandan şəkər tədarükünü kəskin artırması ilə ölkəmizdə şəkər tozu qıtlığının yaranmasına münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, bu vəziyyətin yaranmasında şəkərin Rusiyada kəskin bahalaşması öz sözünü deyib:

“Rusiyada şəkər tozunun qiyməti kəskin bahalaşıb. Azərbaycan bazarı ilə nisbətdə bu ölkədə həmin məhsulun qiyməti 2,5-3 dəfə baha satılır. Nəticədə Azərbaycan istehsalçıları şəkər tozunun daha çox Rusiya bazarında satılmasına maraq göstərir. Çünki daxili bazarda qiymət daha ucuzdur.

Rusiyada şəkər tozunun qiymətinin bahalaşmasına isə bu məhsulla bağlı kəskin qıtlığın yaranması səbəb olub. Rusiyadakı mağazalarda şəkər tapılmırdı. Ukrayna ilə müharibədən öncə kilosu 60-70 rubl olan şəkər tozunun qiyməti indi 250-300 rubla qədər bahalaşıb. Bu qiymət fərqi isə istehsalçılar üşün Rusiya bazarını daha cəlbedici edib”. 

Ekspertin fikrincə, disbalans geniş şəkildə özünü göstərsə, Azərbaycanın daxili bazarında da şəkərin qiymət artımı baş verir. "Azərbaycan hökuməti ona görə qabaqlayıcı tədbirlər görməli, ixrac üzrə kvotalar müəyyənləşdirməlidir”. 

Qeyd edək ki, artıq ölkəmizdə fəaliyyət göstərən marketlərdə şəkər tozunun qiyməti bahalaşıb. Kiloqramı 1 manat 30 qəpiyə satılan bu məhsul hazırda market fərqinə görə 1 manat 40 və 1 manat 50 qəpiyə təklif olunur. 

Bizim.Media bununla bağlı bir neçə marketlərdə müşahidə aparıb. Məlum olub ki, əsasən xaricdən idxal olunan məhsulun həm kiloqramla, həm də kisə ilə satışında qiymətlər qalxıb.

Belə ki, 50 kiloqramlıq şəkər tozunun qiyməti əvvəl 65 manata satılırdısa, hazırda 72 manata təklif olunur. 5 kiloqramlıq şəkər tozu kisəsinin satışı isə 9 manat 70 qəpiyədir. 

Bənzər yazılar

0.4483368396759