Ev problemi yaşayan ŞƏHİD BACISI: “Qardaşımın tabutu da bu daxmaya gətirilib” - VİDEO

 05-03-2022

Vətən müharibəsi şəhidi Nurlan Nuruzadənin ailəsi şəraitsiz vəziyyətdə yaşayır. Mebel sexinə sığınan ailə evlə təmin olunmaqda problem yaşadıqlarını bildirir. 

Şəhidin bacısı İlahə Nuriyeva deyir ki, Nurlan 3 yaşında ikən bu evə köçüblər. Qardaşı hərbi xidmətə buradan yollanıb və tabutu da elə bu daxmaya gətirilib. Onun sözlərinə görə, qardaşının şəhid olmasından sonra hər iki valideyni də vəfat edib. 

Şəhid bacısı bildirib ki, valideynlərini itirdikdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı onların ev növbəsinə alınması üçün sərəncam imzalayıb. Ancaq o sərəncamdan da xəbər-ətər yoxdur. 

Şəhid Nurlan Nuruzadənin ailəsinin vəziyyəti ilə bağlı Sumqayıt RİH-dən heç kim bu haqda müsahibə vermək istəməyib. Lakin bildirilib ki, verilən sərəncam imtiyazlı şəxsin ev növbəsinə götürülməsi üçündür. İmtiyazlı şəxs də məhz bunun əsasında Azərbaycan Respublikasının Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil əldə edə bilər. Bu məsələyə Sosial Xidmətlər Agentliyi baxır. 

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, şəhid Nurlan Nuruzadənin bacı və qardaşları Nazirlər Kabinetinin şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən imtiyazlı şəxs kateqoriyasına aid deyil. 

Qeyd edək ki, N.Nuruzadə 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına şəhid olub, Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bənzər yazılar

0.23703598976135