Enerji dəyər zəncirinin iki mühüm oyunçusundan biri təbii qaz, digəri isə neftdir. Təbii ki, son dövrlər qlobal neft bazarında, həm Avropa, həm də Asiya bazarlarında təbii qazın qiymətinin artımı birbaşa “mavi yanacağa” olan tələbatla bağlıdır.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Report”a bildirib ki, yeni enerji keçidində təbii qaz həm enerji dəyəri baxımından, həm də ekoloji cəhətdən təmiz yanacaq növü olduğundan qarşıdakı illərdə aralıq “yaşıl” enerji mənbəyi kimi dəyərləndiriləcək.
“Çünki Paris İqlim Sazişinin şərtlərinə görə, bu sazişə qoşulan dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri qarşıdakı illərdə öz enerji portfellərində təmiz enerji mənbələrinə daha çox yer ayıracaq. Bu mənada qarşıdakı illərdə təbii qaza olan tələbat daha da artacaq. Ona görə ki, yeni enerji keçidində təbii qaz keçid enerji mənbəyi kimi dəyərləndirilir.
Təbii qaza olan tələbat birbaşa Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədardır. Hazırda qlobal təbii qaz bazarlarında ağırlıq mərkəzinin düşməsi Ukrayna ətrafında baş verən hadisələrə görədir. Artıq Avropaya yönəlmiş “Şimal axını” qaz kəməri özünün tam layihə gücündə fəaliyyət göstərmir. Yəqin ki, qarşıdakı aylarda bu mümkün olmayacaq. Xüsusilə ötən ilin avqust ayından “Yamal-Avropa” təbii qaz kəmərinin fəaliyyətinin tam dayandırılması, eyni zamanda, “Şimal axını-1” qaz kəmərinin layihə gücünün 25-30% civarında fəaliyyət göstərməsi və bu qaz kəmərinin sertifikatlaşdırılmaması, Ukrayna ətrafında baş verən hadisələr, Ukrayna qaz nəqli sisteminin özünün tam layihə gücündə fəaliyyət göstərməməsi, “Qazprom”un “Naftoqaz”la 2024-ci ilə kimi “nəql et və ya ödə” prinsipinə söykənən tranzit sazişinin şərtlərinin pozulması Avropanın təbii qazın ağırlıq mərkəzininin itirilməsinə səbəb olub. Ona görə də, indi “Şimal Axını” dəhlizi artıq öz perspektivini itirib”, - o deyib.
Ekspert xatırladıb ki, bir neçə gün əvvəl həm “Şimal axını-1”, həm də “Şimal axını-2” qaz kəmərlərində partlayışın baş verməsi bu kəmərlərin yaxın aylarda fəaliyyət göstərməsinin mümkünsüzlüyünə dəlalət edir:
“Orta enerji dəhlizinin perspektivi durmadan artır. Orta enerji dəhlizi Cənub Qaz Dəhlizidir və onun imkanlarından da çox geniş istifadə olunacaq.
Bununla bağlı Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Bu müqavilənin şərtlərinə görə, Aİ Cənub Qaz Dəhlizinin Avropa ayağının genişləndirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi ilə bağlı öhdəlik götürür. Yaxın gələcəkdə Cənub Qaz Dəhlizinin imkanları daha geniş olacaq”.
Z.Vəliyev onu da əlavə edib ki, Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi əsasən Balkan ölkələrində və eyni zamanda, Cənub-Şərqi Avropa ölkələrində təbii qaz qiymətlərinin sabit olması üçün münbit şərait yaradacaq:
“2020-ci ilin sonundan başlayaraq Cənub Qaz Dəhlizinin Avropa ayağı hesab edilən Trans-Adriatik Boru Kəmərinin (TAP) kommersiya istismarına verilməsindən sonra müşahidələr onu göstərir ki, əsasən Yunanıstan və İtaliyada təbii qaz qiymətlərində elə böyük dalğalanmalar müşahidə edilməyəcək. Azərbaycan dövlətinin “Şahdəniz” yatağında xarici tərəfdaşlarımızla, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq etdiyimiz tranzit ölkələrlə məqsədimiz birdir. Azərbaycan və tərəfdaş şirkətlər Cənub Qaz Dəhlizi vasitəsilə qlobal qaz təchizatı matrisinin iki komponentindən birində daha çox elementə nail olmağı hədəfləyib. Yunanıstanla Bolqarıstan arasında birləşdirici qaz kəmərinin fəaliyyətə başlamasının onu deməyə əsas verir ki, artıq yaxın perspektivdə Azərbaycan təbii qazı Balkan ölkələrinə çıxış əldə edəcək”.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur. Bu il qaz ixracı 22 milyard kubmetrdən çox olacağı gözlənilir və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək.
Qeyd edək ki, bu gün Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.