Azərbaycanlı ailə oğlunun davasına görə Sankt-Peterburqdan deportasiya edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin Nevski rayonunda yeniyetmələr arasında sosial şəbəkədə başlayan mübahisə ağır nəticələrə səbəb olub.
Belə ki, 16 yaşlı yeniyetmə 13 yaşlı azərbaycanlı ilə yazışmada dava edib, bundan sonra onlar şəxsən görüşüb söhbət etməyə razılaşıblar.
İddiaya görə, 13 yaşlı azərbaycanlı dostları ilə 16 yaşlı yeniyetməni döyüb.
Polis əməliyyat-istintaq tədbirləri zamanı valideynləri, qardaşı, bacısı və münaqişə iştirakçısının özü də daxil olmaqla, bütün ailənin deportasiya edilməsi barədə qərar qəbul edilib.
Onu da qeyd edək ki, Sankt-Peterburqun Nevski rayonunda yeniyetmələr arasında sosial şəbəkələrdə başlayan münaqişə 13 yaşlı azərbaycanlı və ailəsinin deportasiyası ilə başa çatıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, yaralanan yeniyetmə barədə onlara iyunun 30-da onun müalicə aldığı xəstəxanadan məlumat verilib.
İstintaq zamanı məlum olub ki, Talmann küçəsində yaşayan rusiyalı gənc qonşusu ilə sosial şəbəkələrdə aqressiv yazışmalardan sonra onunla “təkbətək görüşmək” qərarına gəlib. Amma 13 yaşlı yeniyetmə görüşə tək yox, iki dostu ilə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburq sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar.
Keçirilən əməliyyat tədbirləri nəticəsində münaqişənin iştirakçısı və onun atası polis bölməsinə gətirilib.
“Yeniyetmə miqrantın bütün ailəsinə qarşı miqrasiya tədbirləri görülüb: münaqişə iştirakçısı, onun valideynləri, qardaşı və bacısı Rusiyadan Azərbaycana deportasiya olunub”, - deyə Baş Polis İdarəsindən bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Hadisə nəticəsində iki nəfər döyülərək öldürülüb, bir neçə nəfər saxlanılıb.