Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən "Kaspi Kids" uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.
Paylaşımda müəllimin uşağın başına vurduğu və nəticədə balacanın başının qanadığı qeyd olunub. Uşağın atası bildirib ki, hadisə barədə ona günorta saatlarında xəbər verilib:
"Mən işdə idim. Evdən zəng edib dedilər ki, uşaq başından xəsarət alıb. Kursa getdim, videogörüntülərlə tanış oldum. Müəllim özü etiraf etdi ki, uşağı o vurub. Kadrlarda da görünür ki, müəllim bilərəkdən iki dəfə suqabı ilə övladımın başına zərbə endirib. Vurduqdan sonra isə kömək etməyib. Uşaq iki saata yaxın ağlayıb və köməksiz vəziyyətdə qalıb".
Azyaşlının nənəsi isə bildirib ki, nəvəsi əvvəllər də müəllimin onu döydüyünü deyib, lakin onlar buna inanmayıblar:
"Dəfələrlə evə gəlib deyirdi ki, məni Arzu müəllimə döyüb. Biz inanmırdıq. Elə vurmuşdu ki, nəvəm yemək belə yeyə bilmirdi".
Bundan başqa "Kaspi" Təhsil Şirkətindən verilən məlumata görə, "Lənkəran Kaspi Kids" məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədə uşağa şiddət göstərən müəllimə işdən azad edilib.
"Kaspi" Təhsil Şirkətindən verilən məlumatda qeyd olunub ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb:
"Kaspi Kids" Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə "Hirkan Hazırlıq Kursu" MMC tərəfindən idarə olunur. Həmin MMC "Kaspi Kids" brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərirdi.
Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, "Kaspi Kids" brendin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədiyi üçün "Hirkan Hazırlıq Kursu" MMC-nin françayzinq müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bu xoşagəlməz hadisədən dərin təəssüf hissi keçiririk. Gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmləri daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur".
Ətraflı Baku TV-nin süjetində: