ƏDV-ni sıfrlamaq ərzağı ucuzlaşdıra BİLƏRMİ?

 22-09-2022

Son vaxtlar ölkədə ərzaq məhsullarının qiymətinin aşağı salınması, ən azı bahalaşmanın dayandırılması üçün hansı tədbirlərin görülməsi qızğın müzakirə edilir. Hətta, deputatlar belə bu istiqamətdə fikirlər səsləndirir.

Məsələn, medianın məlumatına görə, deputat Vahid Əhmədov təklif edir ki, ərzaq məhsullarını ƏDV-dən azad edək. Deputat düşünür ki, bununla (maya dəyərini aşağı salmaqla) ərzaq məhsullarının qiymətini bazarda ucuzlaşdırmaq olar. Lakin Tahir Mirkişili isə bildirib ki, Türkiyədə belə bir addım atılıb, amma bu bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmayıb, əvəzində isə hökumet boşuna xeyli büdcə gəlirlərini itirib.

Çox təəssüf ki, ərzaq məhsullarında ƏDV-nin sıfırlanması Azərbaycan bazarında qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilməz. Fikrimizcə, cənab V.Əhmədovun təklifi yalnız rəqabətli bazar üçün yetərli bir tədbirdir. Azərbaycanda isə iqtisadiyyat tam şəkildə inhisarçıların nəzarəti altındadır.

Rəqabətli mühit mövcud deyil. İnhisarçı mühitdə fəaliyyət göstərən sahibkarlarla rəqabətli bazarda fəaliyyət göstərən sahibkarlar arasında kəskin düşüncə fərqləri var. İnhisarçı sahibkarın bazarda rəqibi olmadığından o, qiymətləri bahalaşdırmağa həmişə bəhanə axtarır.

Hətta, bir çox hallarda qiymətləri bəhanəsiz belə artırılır. Çünki qiymətlər artanda inhisarçı sahibkarın itirəcəyi heç nə yoxdur, amma qiymət artımı onun mənfəətini artırır. Məhz ona görə də son 30 il müddətində (müstəqillik dönəmində) Azərbaycanda heç nəyin qiyməti əsaslı şəkildə ucuzlaşmayıb.

Lakin rəqabətli mühitdə fəaliyyət göstərən sahibkar üçün ən çətin addım qiymətləri bahalaşdırmaqdır. Çünki onun bazarda rəqibi var, ona uduzmaqdan qorxur. Belə sahibkarlar qiymətləri ucuzlaşdırmaq, müştəriyə daha keyfiyyətli mal və ya xidmət təqdim etmək üçün fürsət axtarır ki, rəqib qarşısında üstünluk qazana bilsin.

Yuxarıda təsvir etdiyimiz iqtisadi mənzərə fərqlərini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatı inhisarçılar arasında bölüşdürüldüyündən və rəqabət mühiti mövcud olmadığından ərzaq məhsulları ölkəyə pulsuz gətirilsə də, onun qiyməti bazarda ucuzlaşmayacaq.

Amma indiki şəraitdə hökumətin bir çıxış yolu var. Hökumət ölkə inhisarçılarını beş barmağı kimi tanıyır. Ərzağı ucuzlaşdırmaqda səmimi olaraq maraqlıdırsa, inhisarçılara qiymətləri ucuzlaşdırmaq barədə tapşırıq verə bilər. İnhisarçılar da hökumətin tapşırığını dərhal yerinə yetirər, hətta, ziyana düşsələr də belə...

Bunu isə ƏDV-ni sıfırlanadan da etmək olar.

Akif Nəsirli

Bənzər yazılar

0.13962316513062