"Martın 2-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının cavabı həftəsonu açıqlanacaq. Martın 9-da keçirilən imtahanın nəticələri də keçirilən tarixdən etibarən 6 həftə ərzində emal olunacaq".
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.
O bildirib ki, markerlər onlayn çalışırlar: "Burada çox böyük rəqəmlərdən söhbət gedir. Martda olan imtahanlar üzrə bir markerə orta hesabla 1.7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə düşür. İmtahan nəticələrinin yoxlanılması prosesində bəzi tapşırıqlar var ki, iki markerin cavabı üst-üstə düşməyəndə, üçüncü marker yoxlayır. Proses çox məsuliyyətlidir. Səhvdən söhbət gedə bilməz".
Qeyd edək ki, martın 2-də keçirilən buraxılış imtahanlarında 57 mindən çox şagird iştirak edib. İlkin məlumatlara əsasən, altı nəfərdə mobil telefon, bir nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İki nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.