21 fevral Beynəlxalq Ana Dili Günüdür

 21-02-2025

Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.

İlham Əliyev

YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında Beynəlxalq Ana Dili Günü təsis edildi. 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün 21fevral günün hər il Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bir xalqın və millətin var olmasının əsas göstəricisi olan dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitəsi olduğunu həmin günü qeyd etməklə bir daha vurğulayırlar.

Hər bir xalqın və insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayan ana dilin inkişafı və qorunmasının vacibliyi qeyd edilir.

Hər bir dilin özündə bir tarix yaşaddığı tarixi həqiqətdir. Məhz bizim də ilk dil açdığımızda laylamızı dinlədiyimiz doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur.

Tarixi inkişaf təşəkkülünün miladdan əvvəlki dövrlərə gedib çıxan doğma Azərbaycan dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanınmasına və şöhrət tapmasına gətirib çıxardır. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir.

Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir, dosta məhəbbət, düşmənə nifrət dilidir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur. Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.

İlham Əliyevin bu sahədəki ilk addımı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı imzalamaqla 18 iyun 2001-ci ildə latın qrafikalı əlifbaya keçidin təmin edilməsi qarşıda bir çox vəzifələr qoyurdu. Bu vəzifələrdən biri də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi idi. Bunun vacibliyini nəzərə alan İlham Əliyev bununla bağlı Sərəncam imzalayır. İlham Əliyev bundan sonra bu sahəyə diqqəti daha da artırır, bir-birinin ardınca tarixi Sərəncamlar imzalayır.

Belə ki, 2004-cu il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam, 2007-ci avqustun 24-də “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncam imzalayaraq ana dilimizin həyatımızın bütün sahələrində işləkliyinin təmin edilməsi məsələsini xüsusi vurğulayırdı.

Bundan əlavə 2013-cü il aprelin 9-da “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamı da öz aktuallığı ilə seçilir. Bu sərəncam da Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, dilimizin saflığının qorunması və daha da zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə idi.

Əsrlər boyu qorunub saxlanılan, hər bir sözünə, dialekt və şivəsinə xüsusi qayğı və diqqətlə yanaşılan Doğma Azərbaycan dilimizi qoruyub. Leksikasını olduğu kimi saxlamaq hər bir vətəndaşın borcudur.

Günel Hümmətova (Pəniyeva) Saleh

ADPU-nun Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar

0.082776784896851