"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlanır.
MillətinSəsi.info xəbər verir ki, bu barədə BBC-nin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, şirkət Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Onu da qeyd edək ki, XİN sözçüsü Ayxan Hacızadə BBC tərəfindən 20 fevral tarixində verilmiş bəyanata əsasən, BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi barədə qərarını şərh edərkən deyib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir.
O bildirib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə 13 fevral tarixində Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz tam şəkildə qarşı tərəfə izah olunub:
“Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılımış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb.
Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının “BBC” yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. Oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib”.
Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
Xatırladaq ki, 2011-ci ildən etibarən "BBC Azərbaycanca" radio yayımlarını da dayandırıb.