Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə olub. O, 1905-ci il inqilabından sonra çar Rusiyasının erməni daşnaklarını silahlandırmasından, onları azərbaycanlı əhaliyə qarşı yönəltməsindən söhbət açıb.
Tarixçi-alim qeyd edib ki, Qafqazda yaşayan yerli əhalinin sıxışdırılması, müxtəlif təzyiq və təhdidlərə məruz qoyulması, köçürülməsi, hətta öldürülməsi 19-cu əsrdə yaradılan erməni partiyalarının proqramının əsasını təşkil edib. Onun sözlərinə görə, ilk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tutub. O dövrdə çar Rusiyasından hərtərəfli dəstək alan ermənilər Qafqazda dəfələrlə kütləvi qırğınlar törədiblər.
Deputat P.Kərimzadə 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlindəki mürəkkəb zamanda Azərbaycan ziyalılarının xalqımızı qorumaq üçün təşkilatlanmasına da diqqət çəkib. Deyib ki, Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə əvvəlcə gizli təşkilat, daha sonra partiya kimi fəaliyyət göstərən "Difai"nin başlıca məqsədi milli birliyə nail olmaq, xalqı erməni hücumlarından qorumaq idi.
Millət vəkilinin sözlərinə görə, öz fəaliyyəti ilə qısa zamanda çar Rusiyasında böyük təşviş yaradan "Difai" ermənilərlə əlbir şəkildə azərbaycanlıların ölümünə səbəb olan rus məmurlarını cəzalandırmaqdan da çəkinməyib. Qısa zamanda "Difai" öz ətrafında vətənpərvər ziyalıları toplayıb, sıralarını genişləndirib. Gəncədə, Şuşada, Zəngəzurda və Azərbaycanın digər ərazilərində "Difai"nin yerli şöbələri yaradılıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: