İtaliyalı deputatlar Azərbaycanla həmrəylik NÜMAYİŞ ETDİRİBLƏR

 15-09-2022

Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarilər Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

MillətinSəsi.info-ın məlumatına görə, İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatlar Azərbaycan-Ermənistan dövlət sərhədindəki sonuncu hərbi təxribatları pisləyiblər.

Verilmiş qurbanlara görə Azərbaycan xalqının ağrısını bölüşən, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini dəstəkləyən, həmçinin iki ölkə arasında qarşılıqlı olaraq ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında sülh müqaviləsinin imzalanmasına çağıran açıqlamalar veriblər.

Parlamentarilərin açıqlamaları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də onların rəsmi sosial şəbəkə hesablarında dərc olunub.

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “Leqa” partiyasının təmsilçisi, senator Stefano Luçidi “Azərbaycan və Ermənistan arasında mümkün qədər tez sülh müqaviləsi” başlıqlı açıqlamasında Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin Ermənistan tərəfindən törədildiyinə diqqət çəkərək bildirib:

“Azərbaycanın Qarabağ bölgəsindən uzaqda Ermənistanla Azərbaycan sərhədində baş verən son toqquşmalara aydınlıq gətirməliyik. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətinin bariz sübutu olaraq bu yaxınlarda Azərbaycan Prezidenti ölkəmizdə səfərdə olmuşdur. Azərbaycan, əlbəttə ki, Ermənistanla münasibətlərin gərginləşməsində maraqlı deyil”.

Senator açıqlamasında bütün tərəfləri məsuliyyətli olmağa və Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyanat ilə götürülmüş öhdəliklərə hörmət etməyə çağırıb.

Eləcə də bu mürəkkəb şəraitdə bütün beynəlxalq ictimaiyyətin yeganə məqsədinin bu iki ölkəyə regionda davamlı sülhün təmin olunması üçün bir yol tapmaqda kömək etmək olduğunu qeyd edib.

İki ölkə arasında sərhəd məsələlərinin həllinin və sülh müqaviləsinin tezliklə imzalanmasının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əhəmiyyətli olduğunu vurğulayan senator Luçidi deyib:

“Bu məqsədlə, ilk növbədə, mümkün qədər tez bir zamanda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın fəaliyyətini, həmçinin Ermənistan və Azərbaycan arasında zəruri sülh danışıqlarını və sülh sazişinin imzalanmasını dəstəkləmək lazımdır”.

İtaliya Senatının üzvü, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi Canluka Ferrara “Azərbaycan xalqı ilə həmrəylik” başlığı ilə verdiyi açıqlamada bildirib:

“Mən Azərbaycan xalqına son bir neçə gün ərzində verdiyi qurbanlara görə həmrəyliyimi bildirirəm. Azərbaycan xalqı uzun illər müharibədən, işğaldan, haqsızlıqlardan əziyyət çəkib. Nəhayət, bütün regionun sabitlik və sülhə qovuşacağı vaxt gəlib çatıb. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycana tarixin ağrılı səhifəsini çevirməyə və ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh sazişinin imzalanmasına kömək etməlidir. Bu məsələdə yersiz ideoloji yanaşma deyil, beynəlxalq hüquq üstünlük təşkil etməlidir.

İtaliya Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının həmsədri, deputat Ettore Rosato mətbuata açıqlamasında 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanması ilə ikinci Qarabağ müharibəsinə son qoyulduğuna diqqət çəkərək iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası üzrə Komissiyanın fəaliyyətinə dəstək verməyə çağırıb, habelə bu xüsusda, Avropa İttifaqının rolunun əhəmiyyətli olduğunu vurğulayıb:

“Ermənistan və Azərbaycan sərhədində silahlı toqquşmaların yenidən başlanması xəbərləri çox narahatedicidir. Bu, İkinci Qarabağ müharibəsinə son qoyan 2020-ci ilin Üçtərəfli Bəyanatı ilə əldə edilmiş razılaşmaların açıq şəkildə pozulmasıdır. İki ölkə arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı qəti həll yolu tapmaq üçün məsul komissiyanın fəaliyyətini davam etdirməsinə imkan yaratmaq və Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün tezliklə danışıqlar masasına qayıtmaq lazımdır. Beynəlxalq gərginliyin onsuz da yüksək olduğu bir vaxtda biz yeni müharibə cəbhəsinin açılmasına yol verə bilmərik və bu səbəbdən Avropa İttifaqının bölgədə sabitlik və təhlükəsizliyi təmin etmək üçün həyata keçirdiyi vasitəçilik işi çox əhəmiyyətlidir”.

İtaliya Senatının üzvü, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasının təmsilçisi, senator Maria Rizzotti “Ermənistan və Azərbaycan arasında davamlı sülh üçün çalışılmalıdır” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında münaqişənin bitdiyini nəzərə alaraq, onun yenidən başlamasına imkan verilməməli olduğunu vurğulayıb:

“Bu gün Ermənistan və Azərbaycan sərhədindən gələn xəbərlər çox narahatedicidir, dünya artıq digər cəbhələrdə baş verənlərdən çox narahatdır və biz yeni müharibə ocaqlarının açılmasına və ya yenidən açılmasına imkan verə bilmərik. Biz mümkün olan hər şeyi etməliyik”.

Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatın öhdəliklərinin yerinə yetirilməsini və iki ölkə arasında sülh danışıqlarını dəstəkləməyə çağıran senator Rizzotti sözlərinə belə davam edib:

“Davamlı sülhün bərqərar olması və Ermənistan və Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanması üçün iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasına cavabdeh olan Komissiyanın fəaliyyətinə və sülh danışıqlarına dəstək göstərməliyik. Bəşəriyyətin qardaşlıq və sülhün qoruyucu qanadları altında yenidən çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü Canluka Kastaldi “Ermənistan və Azərbaycan arasında iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması” başlıqlı açıqlamasında Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə 2020-ci ildə son qoyulduğunu bildirərək yenidən münaqişənin başlamasına imkan verilməməli olduğunu və iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu qeyd edib:

“2020-ci ilin Üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən münaqişəyə son qoysa da, son bir neçə saat ərzində biz hərbi əməliyyatların yenidən başlanmasının şahidi olduq ki, bu da böyük narahatlıq doğurur. Yeni cəbhələrin açılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Tərəflərin qeyd olunan Üçtərəfli Bəyanat ilə götürdükləri öhdəliklərə hörmət etmələri, son nəticədə iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası işlərinə məsul Komissiyaya işlərini yekunlaşdırmasına, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün danışıqlar masasına qayıtmaları vacibdir”.

İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi vacibdir” başlıqlı açıqlamasında sonuncu hərbi təxribatları pisləyərək Üçtərəfli Bəyanata riayət edilməsinin vacibliyinə diqqət çəkib:

“Çoxsaylı münaqişələrdən əziyyət çəkdiyimiz bu anda yeni gərginliklərin yaranmaması üçün əlimizdən gələni etmək lazımdır. Xüsusilə, Azərbaycan və Ermənistanla bağlı da beynəlxalq ictimaiyyət tərəflərə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyanat ilə üzərlərinə götürdükləri öhdəliklərə hörmət edilməsinin vacib olduğunu xatırlatmalıdır”.

Senator, habelə əlavə edib:

“Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiyaya cavabdeh olan Komissiyanın fəaliyyətinə dəstəyimizi ifadə edirik. Bu gün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına və ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında sülh sazişinin imzalanmasına hər zamankından daha çox dəstək vermək lazımdır”.

Bənzər yazılar

0.45990204811096