Kadi Borges: “Frayburq”la oyunun taleyini xırda detallar həll etdi” 

 11-09-2022

“Fanatlar görüşdə önəmli rola malikdir. Elə məqam olur ki, tərəfdarların dəstəyi komandanı irəli getməyə sövq edir”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges “Report”a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə məğlub oldunuz. Nəticə qazana bilməməyinizə əsas səbəb nə idi?

- Bu cür matçlarda xırda detallar həlledici olur. Bəzən oyunun taleyini də bunlar həll edir. Bizdə də belə oldu. Qarşılaşmanın əvvəlində bir az diqqətsiz oynadığımızı düşünürəm.

- İlk 15-20 dəqiqədə komandada həyəcanın olmasının səbəbi nə idi? Stadiondakı atmosfer oyunçulara təsir edirdi?

- Hər oyunçu belə atmosferə fərqli reaksiya verir. Bu, kiməsə təsir edə bilər. Komandada həyəcanın olması ilə bağlı hansısa səbəb deyə bilmərəm.

- Bunu bəzi oyunçularda təcrübəsizliklə əlaqələndirirsinizmi?

- Kimdəsə hansısa təcrübə çatışmazlığı ola bilər. Bu barədə dəqiq fikir söyləyə bilməyəcəyəm.

- Oyunun sonlarındakı mübahisəli penalti epizodu ilə bağlı nə deyə bilərsiniz? Komandanızın haqqının yeyildiyini düşünürsünüzmü?

- Məncə hakimlərin hansısa epizodla bağlı qərar vermək üçün baxış bucağı və özlərinin kriteriyaları var. Bu məsələ haqqında çox danışmaq istəmirəm. Bu, onların qərarıdır və ona hörmətlə yanaşmalıyıq.

- Avropa Liqasında növbəti matçınızı Fransanın “Nant” komandasına qarşı keçirəcəksiniz. Evdə oynamaq sizin üçün üstünlükdürmü?

- Belə qarşılaşmalarda azarkeş amili vacibdir. Fanatlar görüşdə önəmli rola malikdir. Elə məqam olur ki, tərəfdarların dəstəyi komandanı irəli getməyə sövq edir. Azarkeşlər matçda əlavə üstünlük hesab oluna bilər. Bu, futbolçular üçün də fərqlidir. Bəzi oyunçular üçün evdə oynamaq daha rahatdır, bəziləri üçün isə fərqi yoxdur.

- Bu gün Azərbaycan Premyer Liqasının VI turunda “Sabah”la görüşəcəksiniz. Oyun haqqında nə deyə bilərsiniz?

- “Sabah” ciddi rəqibdir. Heyətlərini gücləndiriblər və onların məqsədləri cari mövsüm yaxşı nəticələr qazanmaqdır. Biz də bunun fərqindəyik. Belə güclü komandaların çempionatda çox olması, rəqabətə davamlılıq mənim xoşuma gəlir. Bu, istənilən halda çempionata maraq qatır.

- 4 gün sonra Avropa Liqasının qrup mərhələsinin II turunda “Nant”la üz-üzə gələcəksiniz. Ondan sonra isə çempionatda “Zirə” ilə qarşılaşacaqsınız. Bu cür sıx qrafik komandaya təsir edə bilərmi?

- Belə qrafikdə oynamağı bəyənirəm. Hər 3-4 gündən bir oynamaq və daim ritmdə olmaq xoşuma gəlir. Sıx qrafikin komandaya təsir edəcəyini düşünmürəm.

Bənzər yazılar

0.20362687110901