2020-ci il oktyabrın doqquzu - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on üçüncü günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Oxu.Az xatırladır ki, həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılır. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanır, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilir.
Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd "T-72" tankı, iki ədəd PDM-i, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, üç ədəd "D-30" haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilir və sıradan çıxarılır. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus altı ədəd "T-72" tankı tam işlək vəziyyətdə ələ keçirilir.
Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin on üçüncü günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Qarabağ kənd sakinləri - 1982-ci il təvəllüdlü Samir Hidayət oğlu Əsədov, 1958-ci il təvəllüdlü Nizami Cəfər oğlu İbrahimov və 1968-ci il təvəllüdlü Alman Ənvər oğlu Abbasov yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alırlar.
O cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyir. Həmçinin, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Bərdə və Ağdam rayonlarının ərazilərini atəşə tutur. Eləcə də düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərinə artilleriya zərbələri endirir.
Bununla yanaşı, Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik raket Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilir. Azərbaycan Silahlı Qüvvələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edir.
Bütün bunlara baxmayaraq, müharibənin on üçüncü günündə də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır. Belə ki, həmin gün bir neçə ərazimiz işğaldan azad edilir. Prezident İlham Əliyev özünün "X" səhifəsində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.
Döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi uğurlar diplomatiya cəbhəsində davam etdirilir. Ermənistanın havadarlarının təzyiqləri fonunda prezident İlham Əliyev qəti əzmkarlıq və siyasi iradə nümayiş etdirir. Oktyabrın 9-da dövlət başçısı "CNN International" və "Sky News" televiziyalarının jurnalistlərinin "Amnesty International"ın Azərbaycan Ordusunun guya İsrail istehsalı olan kasetli mərmilər atması ilə bağlı təxribatçı suallarına tutarlı faktlarla cavab verir:
"Ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə edildiyinə baxsınlar. Onların "Smerç", "Elbrus", "Toçka-U" ballistik raketlərindən şəhərlərimizə qarşı necə istifadə etdiklərinə baxsınlar. Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə "Amnesty International" yalnız bir tərəfi görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər?"
Həmçinin, oktyabrın 9-da Moskvanın vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlara əsasən, 2020-ci il 10 oktyabr saat 10:00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunur.
Mərahim Nəsib