Uşağınız tez hirslənirsə...

 16-08-2024

Hər şeydən əvvəl deyək ki, tez hirslənmək bəzi uşaqlarda yaşadıqları mühitlə bağlı olduğu kimi, bəzi uşaqlarda irsi xüsusiyyətlərlə də bağlı ola bilər. Təbii ki, burada stress və depressiya ehtimalını da unutmaq olmaz. 

Ona görə də, ilk növbədə uşağınızı yaxından müşahidə etməli, hansı səbəblərə görə (hətta hansı vaxtlarda) hirsləndiyini müəyyən etməlisiniz. Ancaq bundan sonra siz bu problemi aradan qaldırmaq barədə düşünə bilərsiniz. 

Digər tərəfdən, bəzi uşaqlar böyüklərdən nümunə götürdükləri üçün də (xüsusilə, eyni evdə yaşayan böyüklərdən) bu cür reaksiyalar göstərə bilərlər. Bu isə o deməkdir ki, əgər ailənizdə tez hirslənən bir adam varsa, bu, uşağınıza öz mənfi təsirini göstərə bilər. Ona görə də, uşaqlar ailə daxilində “Əsəblərim yerində deyil”, “Özümü ələ ala bilmirəm”, “Hövsələm çox daralır” və s. kimi sözlərə şahid olmamalıdırlar. Digər tərəfdən, valideynlər səhv hərəkətlərini “ört-basdır etmək” üçün əsəblərini bəhanə gətirməməlidirlər.

Bəzi uşaqlar isə tez hirslənməklə ətrafdakıların diqqətini cəlb etdiklərini düşünürlər. Əgər siz də səbəbin bu olduğunu düşünürsünüzsə, uşağınızın “oyununa” alət olmamalısınız.

Bəzən uşaqlar yaşadıqları hər hansı hadisənin (məsələn, ölüm və ya boşanma kimi) təsiri ilə də əsəbi ola bilərlər. Belə hallarda uşağa dost kimi münasibət göstərməli və bu hadisəni unutmaq üçün zəmin hazırlamalısınız. Digər tərəfdən, səbəb nə olursa-olsun, əsəbi uşaqları idmana istiqamətləndirmək də çox yaxşı təsir göstərə bilər.

Qeyd: Əgər vəziyyət siz düşündüyünüzdən də ciddidirsə, bir mütəxəssisdən kömək istəyə bilərsiniz.

Aygün Vəliyeva

Bənzər yazılar

0.12714004516602