Ramiz Mehdiyevə məxsus BTB bankdan oğurlanan 500 min dəyərində qızıl 55 min dollar kimindir?

 15-08-2024

Bakıda "BTB" Bankdan xüsusi külli miqdarda oğurluq etməkdə təqsirləndirilən şəxs Belarusiya vətəndaşı Babayev Aleksey Ramizovicin və Rusiya vətəndaşı olan Qrinqeviç Serqey Oleqovicin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"HURRİYYET"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə  Kərimovanın sədrliyi ilə  keçirilən iclasda  zərərçəkmiş Qurbanova Zibeydə İbrahim qızı ifadə verərək bildirib ki, "BTB" Banka icarəyə götürdüyü seyfə 55 min ABŞ dollar və 156 ədəd qızıl zinət əşyaları qoyub:

"Bir müddət sonra eşitdim bankdakı seyflərdən oğurluq olub. Banka gələndə məlum oldu ki, mənim seyfimdəki pullar və qızılların çoxusu oğurlanıb. Bunların çoxusu tək mənə yox, həmçinin övladlarıma aid idi. Mənə dəymiş ziyandan 49 min manat pul qaytarılıb. Ümumilikdə mənə 500 min manata yaxın ziyan dəyib. 150 min manatda qaytarsalar barışıq verərəm". 

Sonra təqsirləndirilən şəxs Serqey Qrinqeviç zərərçəkmişdən üzr istədi və barışıq üçün müəyən miqdar pul təklif etdi: "20 min ABŞ dolları verilə bilərəm və ya anam sizinlə əlaqə saxlasın, razılaşasınız. Çünki gələcəkdə məhkəmə də bunu yüngülləşdirici hal kimi nəzərə alsın. Halbuki həmin qızıllar və pullar biz tutulan zaman tam formada polis əməkdaşları tərəfindən götürülüb". 

Zərərçəkmiş Zibeydə Qurbanova ancaq Serqeyin vəkili vasitəsilə danışıqlara gedəcəyini, 150 min manat qarşılığında isə barışıq verəcəyini bildirdi. 

Qeyd edək ki, cinayət işində 5 nəfər- Qurbanova Zibeydə İbrahim qızı, Kazımov Nurlan İlham oğlu, Hacıyeva Reyhan Oqtay qızı, Rəhimli Tuqay Vasif oğlu və Lütfəliyev Fuad Eldar oğlu tanınıb. 

Məhkəmədə Rusiya səfirliyinin nümayəndələri də iştirak edirdi. 

Məhəkəmə prosesi sentyabr ayının 5-nə kimi təxirə salınıb. 

Qeyd edək ki, hadisə ötən il martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda Bank "BTB"-nin mərkəzi ofisində qeydə alınıb.

1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və Qrinqeviç Serqey Oleqoviç Bank "BTB"-dən müştərilərin depozit otağından ümumilikdə 800 min manata yaxın pul və qızıl zinyət əşyaları oğurlamaqda şübhəli bilinirlər. Onlara qarşı ilkin olaraq Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusilə külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, zərərçəkmiş Zibeydə Qurbanova mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşının həyat yoldaşıdır.

Zərərçəkmiş Qurbanova Zibeydə İbrahim qızının oğlanlarından biri Azərbaycan Respublikasında  İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalov, digəri isə Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bolməsinin rəisi Natiq Camalovdur.

Bənzər yazılar

0.098266124725342