2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlunun meyit qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.
APA-nın yerli bürosunun məlumatına görə, onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hərbçilər və qazilər iştirak ediblər.
Firdovsi Abdullayevla sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.
Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.
Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.