Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısı açıqlanandan sonra aydın oldu ki, altıncı çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin seçki dairəsi dəyişib.
Dia-az.info xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) onun deputatlığa namizədliyini bu dəfə 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürüb. Xatırladaq ki, Ağalar Vəliyev ötən parlament seçkisində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib.
Əslən Yevlax rayonundan olan Ağalar Vəliyevin hələ zamanında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilməsi belə yetərincə şübhəli idi.
İndi isə onun namizədliyi Xaçmazdan verilib. Və yerli xaçmazlılar bilmərrə şəkildə onun namizədliyinə qarşıdırlar və dəstəkləmirlər.
YAP-ın namizədi olan Ağalar Vəliyevə hətta hakim partiyanın yerli nüfuzu belə yetərli deyil ki, o, qələbə qazana bilsin. Hətta seçinin onun xeyrinə saxtalaşdırılacağı təqdirdə belə qələbəsi olduqca çətin görünür.
Bu barədə Dia-az.İnfo-ya yazan xaçmazlılar iddia edir ki, Ağalar Vəliyev məhz bunları bildiyindən yerli DSK-ya – sədr qarışıq bütün DSK üzvlərinə böyük məbləğdə pul mükafatlara verib və əlavədən də seçki sonrasına vəd edib:
“Buna görə də, 57 saylı DSK-nın sədri Bəhram Ömərov əl-ayağa düşüb. Hətta iş o yerdədir ki, Ağalar Vəliyevə qapı-qapı düşüb imza da toplamayıblar. Çünki ona çətin kimsə imzasını əmanət edə… İmzalar toplanmadan namizədliyi qeydə alınıb.
Bu azmış kimi digər namizədlərə süni əngəllər yaradılır, təzyiqlər olunur…”
Sonda onu da qeyd edək ki, bir neçə il öncə mətbuatda yayılan məlumatlarda qeyd edilirdi ki, “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub.
“Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb.
Mətbuatda yayılan məlumatlarda o da qeyd edilirdi ki, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”.
Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb.
Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib.
O zaman Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.