Cinsi zorakılığa məruz qalan yeniyetmə qızlar təcavüzkar şəxslərin şantaj və hiyləsilə də qarşılaşırlar. Onlar ailəsini baş verənlərdən xəbərdar edəcəklərilə qızları hədələyir və qeyri-qanuni hərəkətlərinə davam edirlər.
Hətta kişilər bəzən qadınları gələcəkdə də cinsi istismara məruz qoymaq üşün baş verənlər barədə onlarına dostlarına, yaxınlarına xəbər verəcəkləri ilə şantaj edirlər. Əlbəttə, təcavüzə məruz qalan qadın hüquqi yola əl ata, psixoloji və sosial dəstək ala bilər. Lakin cinsi zorakılığa məruz qalmış qızlar ya qorxudan, ya da ətrafdakıların qınağından qorxaraq, susmağı üstün tutur. Belə olduğu halda təcavüzkarlar cəzasız qalır və bu cür halların sayı artır. Ancaq az öncə Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı məsələ ictimailəşdirildi və artıq həmin şəxslər barəsində cinayət işi açılıb. Ancaq məsələnin başqa bir tərəfi də var.
Cinsi təcavüzə məruz qalanların reabilitasiyası...
Azərbaycanda belə reabilitasiya mərkəzləri və proqramları varmı?
Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakupost.az -a açıqlama verib.
Birlik sədri öncə bildirdi ki, cinsi zorakılığa məruz qalan şəxslər birmənalı olaraq susmağa üstünlük verdikləri üçün belə halların sayı artır:
“Cəmiyyətdə seksual zorakılıqla bağlı susqunluq və bu mövzunun müzakirəsinə açıq olmamaq, hətta əksər vaxtlarda bu barədə həm valideynlər, həm də uşaqların susması cinayətin ört-basdır olunması, eyni zamanda cəzasız qalmasına gətirib çıxarır. Ancaq Bərdədəki hadisə zamanı ana susmadı və mən bunu çox müsbət dəyərləndirirəm. Bir neçə hal var ki, analar bütün streotipləri kənara ataraq, bu hadisəni törədənlərə cəza istəyir. Bu, çox yaxşı haldır. Əksər analar bu barədə danışmır, hətta bunu cinayətkarla birlikdə ört-basdır edirlər. Yaxud uzun müddət susurlar, danışanda isə artıq cinayəti sübut etmək çətin olur.
Azyaşlılara qarşı cinsi zorakılıq anormal və qeyri-insani hərəkətdir. Bu əksər hallarda müəyyən icmalarda çox böyük aqressiya yarada bilir və necə ki, Bərdədə yaratdı. Bütün kənd o təcavüzkar insanların obyektini daş-qalaq etdi. Çox yaxşı haldır ki, insanlar öz səsini qaldırdı, etiraz etdi, həmin qadın və onun qızına dəstək verdilər. Əksər vaxtladra bu, baş vermir. Çox vaxt qızı, ananı, yəni təcavüzə məruz qalanları ittiham edirlər. Gender əsaslı zorakılığın xüsusiyyəti budur ki, əksər vaxt zərərçəkmişlər ittiham olunur, nəinki cinayəti törədənlər”.
M.Zeynalova cinsi zorakılığa məruz qalanlar üçün rebilitasiya mərkəzlərinin fəaliyyətindən də danışıb:
“Azərbaycanda belə reabilitasiya mərkəzləri var. Sadəcə mərkəzlərin cinsi zorakılığa məruz qalmış şəxslərə xidmət göstərmək bacarıqları, təcrübələri varmı? Həmin insanların özləri streotiplərə bağlı deyil ki? Onlara xidmət göstərən zaman ayrı-seçkilik edilməyəcək ki? Hər halda belə mərkəzlər mövcuddur və kifayət qədər xidmət paketləri var. Zorakılığa məruz qalanların reabilitasiyası üçün həmin şəxslərin adının, soyadının dəyişdirilməsi, yeni adla məktəbə getməsi, yaxud onun məxfiliyinin qorunması çox vacib şərtdir. Elə olur ki, cinsi zorakılığa məruz qalan şəxs öz yerini dəyişir və tamamilə başqa məkanda yaşayır. Belə hallarda reabilitasiya müddəti bir ay kifayət etmir. Bunun üçün uzunmüddətli reabilitasiya lazımdır. Həm də yalnız uşağa yox, həm də anaya dəstək göstərilməlidir. Bu reabilitasiya prosesi 6 ay, 1 il, 1 il yarım da çəkə bilər”.