Bakıda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo.az” bildirir ki, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad otel” adı ilə tanınan kafedə daimi yaşayıb. O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib və həmin vaxt uşağın cinsiyyətini öyrənmədən övladından imtina edib.
Daha sonra yenidən hamilə qalan qadın bu il martın 30-da saat 01 radələrində paytaxt ərazisində özündə ağrılar hiss edib. Daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında, gecə saat 04 radələrində təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib.
Lakin körpə ağladığından o, uşağı sellafon torbaya qoyaraq ağzını düyünləyərək bağlayıb və boğularaq ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 38 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı saat 03 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.
Aprelin 2-də isə kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitini aşkar edərək məlumat veriblər. 2 gün sonra uşağın anasının yeri müəyyən edilərək saxlanılıb.
Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə etdiyini deyib.