Hərbçilərin pensiyası xidmətdən buraxıldığı gündən təyin olunacaq

 22-05-2024

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.

Ölkə.az xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olub.

Bu redaksiyanın Qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.

Bundan əlavə, qanunun 9.5.2-ci və 20.14.2-ci maddələrində müvafiq olaraq “25 təqvim ili” ifadəsindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

Belə ki, qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilir. Əgər hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu tələbi tamamlayan şəxslərə də hərbi qulluqçu kimi pensiya hüququ yaradılarsa, onda bu Qanunun 20.14.2-ci maddəsinə əsasən həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməli olduğu anlaşıla bilər.

Göründüyü kimi, bu 20 təqvim ili və daha çox hərbi xidmət etmiş şəxs ilə 12 il 6 ay hərbi xidmət etmiş şəxsin pensiya təminatları fərqləndirilib və nəticə etibarilə hərbi qulluqçuların hərbi xidmətdə qalması təşviq edilib. Bu dəqiqləşdirici düzəliş olduğundan maliyyə yükü yaranmayacaq.

Bənzər yazılar

0.063955068588257