"ABŞ və Qərbin siyasi dairələrində riyakarlıq kabusu dolaşır. NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar qətiyyətlə pislənməlidir”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Etibar Əliyev parlamentdə çıxışı zamanı deyib.
“Gəlin Rasmussenin şəxsiyyətinin ikiləşməsinə diqqət edək: 10 il bundan öncə sülh və sabitlikdən danışırdı. İndi isə bədnam hərəkətləri ilə sülh sazişinin imzalanmasına əngəllər yardır", - o qeyd edib.
Deputat əlavə edib ki, azərbaycanlıları doğma torpaqlarından vəhşicəsinə çıxardan, Xocalıda, Meşəlidə, bütün işğal etdikləri ərazilərimizdə qandonduran soyqırımıları törətmiş Ermənistana rasmussenlər və borellər icad etdikləri “Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” şüarı altında qahmar çıxırlarsa, onda sual yaranır: genosid, ekosid, urbisid, terrorizm nə vaxtdan Avropa dəyərlərinə çevrilib? Bəs maarifçilik, renessans, insan azadlıqları hara getdi? Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyev Rasmussenə qısa və çox mənalı cavab verdi.
Sitat: “Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”.
Məşhur Britannika Ensiklopediyasında terrorizm anlayışına baxdım. Yalnız 2001-ci ilin 11 sentyabr terror hadisəsi haqqında geniş məlumat verilib. Bu barədə 100-lərlə kitab və minlərlə məqalə yazılıb. Antiterror əməliyyatı barədə də həmçinin. Antiterror nümunəsi var və biz də 30 illik terrora və vəhşiliyə 1 günlük antiterror əməliyyatı ilə cavab verdik. Dünyada baş verən terror hadisələri göstərir ki, Azərbaycan terror kimi vəhşi bir aktın kökünün kəsilməsi üçün də bəşəriyyətə öz töhfəsini verib.
Mina terroru isə hələ də qalmaqdadır. Bu işə də dəstək durmaqdan yayınırlar", - o vurğulayıb.