Mədəniyyət sahəsində çalışanların maaşı sosial yardım qədərdir, artırılmalıdır - Deputat Razi Nurullayev

 05-04-2024

“Mədəniyyət sahəsində olan vacib problemlərə diqqət çəkmək istəyirəm. Qanunvericilik səviyyəsində müəyyən işlər aparılır, nazirlik nələrisə dəyişmək üçün çalışır. Müsbət dəyişikliklər varmı? Ola bilsin ki, var, amma mədəniyyət sahəsində çalışan şəxslərin sosial vəziyyəti ilə bağlı durum demək olar ki, sosial yardım alanların aylıq gəliri ilə bərabərdir. Bu sahədə ciddi dəyişiklik etmək lazımdır və növbəti büdcə dəyişikliyi olarsa, mütləq mədəniyyət sahəsində çalışanların əməkhaqlarının artırılmasına ehtiyac var”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.

“Mədəniyyət dedikdə insanlarımız şou-mou başa düşməsin, mədəniyyət bu ölkənin əxlaq, müdriklik, ziyalılıq, maarifləndirmə və cəmiyyətin inkişafına işıq tutan güzgüdür. 

Ölkədə mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylər, Heydər Əliyev Mərkəzləri var. Orada əməkhaqları çox azdır, minimum əməkhaqqı qədərdir. 

Heydər Əliyev Mərkəzləri üzərində fikrimi əsaslandıracağam. Mərkəzlərdə rəhbərlər üçün 500 manatdan bir az çox, digər işçilər üçün 350 manat. Mərkəzlərin saxlanması üçün isə qəpik də ayrılmır. Orada yaranan kiçik təmirləri aldıqları əməkhaqları ilə edirlər. Bu doğru deyil axı”, - o qeyd edib.

O əlavə edib ki, həm Heydər Əliyev Mərkəzlərində, həm də digər mədəniyyət mərkəzlərində,  klublarda və bu kimi digər yerlərdə, ümumilikdə mədəniyyət sahəsində çalışanların əməkhaqlarının qaldırılması ilə yanaşı, həm də məsələyə bazar iqtisadiyyatı prinsipindən yanaşılmalıdır: “Heydər Əliyev Mərkəzlərində, o cümlədən digər mədəniyyət mərkəzlərində, klublarda nazirlərin qəbulları, iclasları, görüşləri, icra hakimiyyətlərinin, o cümlədən müxtəlif dövlət və qeyri-dövlət tədbirləri keçirilir. Amma bir qəpik də pul ödəmirlər. Bu bazar iqtisadiyyatı baxımından düzgün qərar deyil. 

Təklif edirəm ki, mədəniyyət mərkəzlərində keçirilən tədbirlərə görə ödəniş tətbiq edilsin. Nazirliklər, icra hakimiyyətləri, dövlət və qeyri-dövlət qurumları vəsait ödəsələr kasıb düşməzlər. Bu mədəniyyət ocaqlarının da inkişafı və orada çalışanların sosial durumunun yaxşılaşması baxımından da vacibdir. Ümumiyyətlə, bütün mərkəzlər, mədəniyyət ocaqları, həssas əhali qrupu üçün nəzərdə tutulmuş yerlərdən başqa hər sahə bazar iqtisadiyyatı prinsipi ilə işləməlidir. Bununla bərabər, müəyyən qruplar üçün sosial bərabərlik də nəzərə alınsın gərək”.

Bənzər yazılar

0.059666872024536