Bu gün Ermənistan, ABŞ, Avropa Komissiyasının görüşünə də bu prizmadan baxmalıyıq: Azərbaycanın yaratdığı reallığı qəbul etməmək, bölgədə geosiyasi vəziyyəti dəyişmək. Yeri gəlmişkən, İranın da bu məsələyə susqun münasibəti də ciddi suallar doğurur. Sanki bu məsələ İranla da razılaşdırılıb. Çünki xeyli vaxtdır Fransa, Ermənistan və İran arasında bu və ya digər məsələlər ətrafında geniş müzakirələr aparılmaqdadır.
Ölkə.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə çıxışı zamanı deyib.
Deputat həmçinin Aprel döyüşləri barədə danışarkən bildirib ki, bununla Azərbaycan xalqının işğalla barışmayacağı bir daha bütün dünyaya nümayiş etdirildi: “Sonrakı dövrdə Ermənistan ordusu həmin ərazilərə geri qaytarmağa çalışsa da, Azərbaycan ordusu buna imkan vermədi. Aprel döyüşləri xalqımızda qələbəyə olan inamı daha da artdırdı. Dövlətimizin torpaqlarımızın azad olunması üçün səylə çalışdığını bir daha göstərdi.
Zəfərdən sonra Cocuq Mərcanlı kəndi qısa vaxtda bərpa olunaraq əhalinin ora köçürülməsi təmin olundu. Burada yeni məktəb, klub, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri məscid inşa olundu.
Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif edirəm. Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq hələ də fəaliyyətə başlamayıb”, - o qeyd edib.