ABŞ-Aİ-Ermənistan görüşünün bölgədə ciddi təsir göstərəcəyini indidən deyə bilərik.
Ölkə.Az xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Blinkenin və Aİ komissarı Ursula Leyenin Prezident İlham Əliyevə zəng edib vəziyyəti izah etməsi, onu deməyə əsas verir ki, Qərb Azərbaycan Prezidentinin dünyada gedən proseslərə ciddi təsir göstərən lider kimi qəbul edir.
“Cənab Prezident telefon danışığı zamanı Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Bəyan etdi ki, bu görüşdə Azərbaycanı narahat edən məsələlərə biganə yanaşmayacaq. Görüşdə təkcə iqtisadi vəd, demokratik məsələlər deyil, eyni zamanda hərbi dəstək, hərbi təlimlər, Ermənistan-Azərbaycan sərhədində hərbi infrastrukturun qurulması, Ermənistana hərbi yardımın artırılması kimi mövzular müzakirə ediləcək ki, bu da regiona sülh vəd etmir. Bu, əksinə, indiki həssas dönəmdə çox ciddi təhlükəsizlik probleminin yaranmasına şərait yaradır”, - o qeyd edib.
Deputat əlavə edib ki, görüşdə Azərbaycan əleyhinə hər hansı sənəd qəbul edərsə, o zaman bütün məsuliyyət Ermənistanın üzərində düşəcək.