Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO

 15-03-2024

Mart ayının 15-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq ABŞ-da keçiriləcək “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrin maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universitetinin müraciətinə baxılıb və müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Sonra iclasda vəkilin mükafatlandırılması ilə bağlı məsələyə baxılıb və müvafiq qərar çıxarılıb.

Həmçinin, ARVK üzvlərinin davamlı tədrisə cəlb olunması, o cümlədən peşə hazırlığının yüksəldilməsi məqsədilə aktual hesab edilən sahələr və mövzular üzrə təlimlərin müəyyən edilməsi, “Vəkil köməkçisi statusunun əldə edilməsinə dair Qaydalar”ın yeni redaksiyada qəbul edilməsi və “Azərbaycan vəkili” jurnalının 2024-cü ildəki ilk sayının dərcinə razılıq verilməsi məsələlərinə baxılıb və müsbət qərarlar qəbul edilib.

Nəzərə çatdırılıb ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən vəkillər mütəmadi olaraq peşə hazırlığına və ixtisas artırılmasına cəlb edilirlər. Bu nöqteyi-nəzərdən aktual hesab edilən mövzular üzrə, o cümlədən elektron xidmətlər və hazırda müasir tələblərə uyğun istiqamətlərdə vəkillərin peşə hazırlığına cəlb edilməsi zəruridir. Eyni zamanda, bu, dünya dövlətləri təcrübəsindən irəli gəlir. Bildirilib ki, Rəyasət Heyətinin qərarına əsasən bu işlərin yüksək səviyyədə aparılması Vəkillər Kollegiyasının Akademiyasına tapşırılıb.

Bundan başqa, iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, üzvlük haqqından azad olunması, öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Bənzər yazılar

0.060487031936646