Qərbi Azərbaycan Xronikası: Ermənilərin qondarma 31 kənd iddiası - VİDEO

 15-03-2024

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ölkə.az" xəbər verir ki, süjetdə Azərbaycanın Ermənistan işğalında qalan səkkiz kəndinin qaytarılması məsələsinin yenidən aktuallaşmasından, rəsmi açıqlamalara əsasən, sərhədin delimitasiyası üzrə komissiyaların martın yeddisində keçirilən görüşündə Azərbaycanın işğal altında qalan kəndlərinin qaytarılmasını tələb etməsindən söz açılıb.

Bildirilib ki, söhbət Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Sədərəyin Kərki kəndlərindən gedir. Rəsmi Bakı bununla bağlı “mərhələli həll” variantını irəli sürüb. Birinci mərhələdə anklav olmayan dörd kənd - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli qaytarılmalıdır. İkinci mərhələdə isə anklavların - Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Kərki kəndlərinin qaytarılması müzakirə olunmalıdır.

Qeyd olunub ki, Ermənistan prosesdən yayınmaq və məsələni arxa plana keçirmək istəyir:

“Bu məqsədlə “31 erməni kəndi” haqqında qondarma iddianı ortaya atıblar:

“Hazırda Ermənistanda müzakirə edilən əsas mövzulardan biri də dörd kəndin qaytarılmasıdır. Rəsmi İrəvan bununla bağlı yayındırıcı açıqlamalar versə də, erməni ictimai rəyində kəndlərin tezliklə qaytarılacağı fikri hakimdir”.

Bununla bağlı “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan bildirib ki, Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək:

“Birinci mərhələdə dörd kənd qaytarılacaq, daha sonra digərləri. Bununla da Lori rayonu sərhəd bölgəsinə çevriləcək. Rəsmi Bakının tələb etdiyi kəndlərin qaytarılması ilə Ermənistanın şimal müdafiə xətti tamamilə məhv ediləcək. Ermənistana qaz kəməri də bu istiqamətdən daxil olur. Beləliklə, Rusiyadan gələn qaz kəməri də Azərbaycanın nəzarətinə keçə bilər. Lori rayonu isə sərhəd bölgəsinə çevriləcək və Ermənistan “anklav ölkəyə” çevriləcək”.

Ermənistan mediasının yazdığına görə, baş nazir Nikol Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüşdə dörd kəndin dərhal qaytarılmasını müzakirə edib və bildirib ki, bu kəndlər indi qaytarılmasa, müharibə ola bilər.

Erməni fəal Ruben Mxitaryan isə qeyd edib ki, Paşinyan kəndləri qaytarmaq üçün cəmiyyətdə müharibə qorxusu yaradır.

Sonda vurğulanıb ki, bütün bunlar Ermənistanın qorxularıdır:

“Azərbaycan öz torpağı olan ərazilərin qatarılmasını tələb edir və mütləq buna nail olacaq. Ermənistan onsuz da “dalan ölkədir” və həmin kəndlərin azad edilməsindən sonra bu ölkənin strateji əhəmiyyətsizliyi daha da artacaq. Lakin onların çıxış yolları tükənməyib. Azərbaycanın Zəngəzur dəhlizini açmasını, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi və digər tələblərini qəbul edərək, sülh sazişi imzalaya, regional layihələrdən yararlana bilərlər. Əks təqdirdə Cənubi Qafqaz ermənilər üçün “cəhənnəm” olacaq və tarixdə ilk dəfə bu bölgəyə köçürülmələrinə, Azərbaycan torpaqları hesabına dövlət yaratmalarına peşman olacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.059211015701294