Prezident İlham Əliyev “İçərişəhər” qoruğunun yeni sədrini qəbul edib

 03-03-2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

-Bu gün siz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız, üzərinizə düşən məsuliyyəti dərk edirsiniz və göstərilən etimadı öz işinizlə doğruldacaqsınız.

İçərişəhər bizim milli sərvətimizdir, dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir. Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz.

İçərişəhər Bakı şəhərinin özəyidir. Bakı şəhərini İçərişəhərsiz təsəvvür etmək mümkün deyil. Ancaq inzibati bölgü nöqteyi-nəzərdən mənim Sərəncamımla bir neçə il bundan əvvəl İçərişəhərdə xüsusi idarəetmə mexanizmi yaradılmışdır, idarə yaradılmışdır. İnzibati nöqteyi-nəzərdən İçərişəhər müstəqil inzibati vahiddir, ancaq Bakı şəhərinin bir hissəsidir. Bakı şəhərinin gözəlliyi bu gün heç kimə sirr deyil və Bakıya gələn hər bir xarici qonaq Bakıya heyran olur. Əminəm ki, hər gələn, xüsusilə ilk dəfə Bakıya gələn xarici qonaq mütləq İçərişəhərə baş çəkir, İçərişəhərlə, orada yerləşən abidələrlə tanış olur və bir daha görür ki, Azərbaycan xalqı böyük xalqdır, qədim xalqdır, istedadlı xalqdır. Ancaq böyük və istedadlı xalq belə möhtəşəm, dünya əhəmiyyətli abidə yarada bilər. Bir daha demək istəyirəm ki, İçərişəhərin hər bir hissəsi, hər bir guşəsi əhəmiyyətlidir və eyni zamanda, İçərişəhər sadəcə olaraq açıq səma altında muzey deyil. İçərişəhərdə insanlar yaşayır, əsrlərboyu yaşayıb. Hamımız yaxşı bilirik ki, Bakının təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala divarlarının kənarında heç bir tikili yox idi. Bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki, böyük işlər görülür və görüləcəkdir. Eyni zamanda, bir daha demək istəyirəm ki, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz buna görə İçərişəhərə hər gün böyük axın var. Bütün bunları nəzərə alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər.

Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır. Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaradır.

Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir.

Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq.

Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək.

Ancaq yenə də deyirəm, son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı. Bu gün bir daha demək istəyirəm, Bakı unikal şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hər kəs deyir, mənim aləmimdə Bakı dünyanın ən gözəl şəhəridir. Hamımız Bakını sevirik, Bakını qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və müasirlik - Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz buna nail olacağıq.

Ona görə Bakının inkişafı və idarəetmə prinsipləri başqa şəhərlərdən fərqlənir. Qeyd etdiyim kimi, mənim Sərəncamımla vaxtilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bulvar İdarəsi yaradılmışdır. Bulvar da Bakının bir hissəsidir, ancaq ayrıca bir inzibati vahididir. Nə üçün? Çünki bulvar da bizim milli sərvətimizdir və indi Azərbaycan vətəndaşları, xüsusilə gənclər yəqin ki, bunu xatırlamır və ümumiyyətlə, görməyiblər ki, 10-15 il bundan əvvəl bulvarın vəziyyəti necə idi - qaranlıq, səliqəsizlik və heç bir şəhərə şərəf gətirməyən mənzərə. Biz indi bulvarın uzunluğunu 5 dəfə artırmışıq və bulvarın hər bir yerində səliqə-sahman var. Nə üçün? Çünki xüsusi idarə yaradılıb, o idarənin işi ancaq bulvara qulluq etmək, təmizliyi və bulvarın canlı orqanizm olmasını təmin etməkdir. Yəni, Bakı şəhərində mənim sərəncamlarımla yaradılmış xüsusi bir idarəetmə mexanizmi vardır, - Bakı şəhəri, İçərişəhər və Bulvar, - üç qurum. Əlbəttə, bu üç qurum arasında işgüzar əlaqələr təbii ki, vardır, olmalıdır, güclənməlidir. Çünki İçərişəhərdə olan insan - ya yerli vətəndaş, ya qonaq o qədim məkandan çıxıb bulvara keçməklə tam yeni bir Bakı görür, müasir bir Bakı görür. Bax, bu amillər çox önəmlidir. Ona görə siz də təbii ki, öz fəaliyyətinizdə bu iki qurumla sıx əlaqədə olmalısınız, onlar da sizinlə. Çünki Bakı, onun bütün yerləri, hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Əminəm ki, Bakı bundan sonra daha da gözəl şəhər olacaq. Bakıda yeni inşa edilən binalar - istər yaşayış binaları, istər ictimai binalar, ticarət obyektləri, iaşə obyektləri ən yüksək memarlıq zövqünə uyğun olmalıdır. Bu işlərə dövlət qurumları nəzarət etməlidir ki, bundan sonra Bakı ancaq gözəlləşsin.

Bir daha demək istəyirəm ki, sizin üzərinizə böyük vəzifə düşür. Bir daha demək istəyirəm ki, İçərişəhər bizim milli sərvətimizdir, bu sərvəti biz qorumalıyıq və qoruyacağıq. Sizə işinizdə uğurlar arzulayıram.

Şahin Seyidzadə: Cənab Prezident, etimad göstərdiyiniz üçün Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol.

Bənzər yazılar

0.20554304122925