Rəsmi Bakı Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır

 14-12-2023

“Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək.

Ceyhun Bayramov hazırda Ermənistandan alınan təkliflər paketinin əvvəlki ilə eyni olmadığını bildirib:

“Yeni təkliflər paketində nikbinlik mövcuddur. Bu, məsələni müsbət cəhətdən irəli apara bilər. Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.

Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ölkəmizin tarixində prinsipial yanaşma hər zaman bu olub ki, Azərbaycanın sərhədləri yalnız Azərbaycan əsgəri tərəfindən idarə oluna bilər. Burada üçüncü tərəfə yer verilə bilməz.

“Bu, Azərbaycanın suveren hüququ və mövqeyidir. Ermənistan tərəfinə və xarici işlər nazirinə bu məsələlər məlumdur. Bu nəzərə alındığı müddətdə müsbət nəticələr əldə oluna bilər. Azərbaycan hər zaman normallaşmanın tərəfdarı olduğunu qeyd edib. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”, - deyə Ceyhun Bayramov vurğulayıb.

C.Bayramov qeyd edib ki, bölgənin önəmli ölkələrindən biri olan Türkiyə də Ermənistanın qonşusudur:

“Masada Azərbaycan varsa, Türkiyə də var deməkdir. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də əlverişli olardı. Mən buradan çağırış etmək istəyirəm ki, Azərbaycanla Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqeləri eynidir”.

Nazir qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra postmünaqişə dövründə normallaşma üçün tarixi fürsətin yaradıldığı haqqında türkiyəli həmkarı ilə fikir birliyi var:

“Danışıqlar zamanı Azərbaycanın baxışını, Ermənistan tərəfindən aldığımız sülh çağırışına cavabı qeyd etdik. Yaxın zamanlarda Azərbaycan bununla bağlı mövqeyini bildirəcək. Bu gün Şərq-Qərb Orta Dəhlizi, o cümlədən bu istiqamətdə birgə fəaliyyət, həmçinin işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyəti ilə bağlı da fikir mübadiləsi apardıq”.

Bənzər yazılar

0.16740489006042