Azərbaycan-Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq

 14-12-2023

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı keçirib.

Konfrans Xarici İşlər Nazirliyinin inzibati binasında təşkil edilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını salamlayıb və Hakan Fidanın ölkəmizə artıq üçüncü səfəri olduğunu diqqətə çatdırıb.

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq. Bu gün apardığımız görüşlər nəticəsində ikitərəfli münasibətlərlə paralel olaraq çoxşaxəli formatlarda da işbirliyimiz barədə fikir mübadiləsi apardıq. Regionda üçtərəfli münasibətlər də bizim üçün əhəmiyyət kəsb edir. Yaxın aylar ərzində bir neçə üçtərəfli formatda görüşümüz həyata keçiriləcək. Hesab edirik ki, region ölkələri arasında normal qonşuluq münasibətləri olmalıdır. Bu, tarixi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır”, - o deyib.

Nazir qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sabitliyin qorunmasının vacib faktorudur. Onun sözlərinə görə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir: “Türkiyə həm də Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə mətbuat konfransında bildirib ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmini bizim üçün həmişə əhəmiyyətlidir və Türkiyə Azərbaycanı bu məsələdə hər zaman dəstəkləyir.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq.

Hakan Fidan, həmçinin, Türkiyə və Ermənistan sərhədlərinin nə zaman açılacağı haqqında azərbaycanlı jurnalistlərin sualını cavablandırıb. Onun sözlərinə görə, sərhədlərin açılması Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən müəyyənləşəcək: “Biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik. Türkiyə və Azərbaycan imzalanmış Şuşa Bəyannaməsinin müddəalarını yerinə yetirməyə çalışırlar”.

Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında kommunikasiya və enerji xətləri baxımından təhlükəsizliyin təmin olunması önəmli məqama çevrilib:

“Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb. TAP-ın genişləndirilməsi də hər iki dövlət üçün önəmlidir. Həmçinin, artıq təməli atılan İğdır-Naxçıvan qaz kəməri ilə enerji sahəsində əməkdaşlığımızı yeni səviyyəyə çatdıra bilmişik. Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Münasibətlərimizi daim inkişaf etdirmək marağımızdadır. Bakı-Tbilisi-Qars dəmiryol xətti önəmli əhəmiyyət daşıyır. Ölkələrimiz arasında bağlantının daha da möhkəmlənməsi ortaq niyyətimizdir. Bu layihənin artıq həyata keçirilməsi region üçün də önəmlidir”, - deyə Hakan Fidan vurğulayıb.

Bənzər yazılar

0.22688889503479