Prezident İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

 13-12-2023

Prezident İlham Əliyev dekabrın 13-də Bakıda keçirilən Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Müraciətdə deyilir:

“Əziz gənclər!

Sizi - Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Forumun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz ulu öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirib və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə edib. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirib, cəmiyyətin etimadını layiqincə doğruldub.

Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olublar. Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi var.

İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, ulu öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz”.

Bənzər yazılar

0.19690203666687