İşsizliklə bağlı açıqlanan statistik rəqəmlər niyə çoxdur?

 23-11-2023
"230 min şəxsin işsiz olması kiçik rəqəm deyil".
 
Bunu Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 2023-cü il noyabr ayının 1-nə qədər qeydiyyata alınmış işsiz şəxslərin sayından danışarkən deyib. 
 
Xalid Kərimli bildirib ki, bu statistikanın formalaşması üçün bir sıra əsaslar var:
 
"Məşğulluq haqqında qanunda işsiz şəxsin tərifi var. İşsiz şəxslər kimdir? İşi və qazancı olmayan, işə başlamağa hazır olan, işsiz kimi qeyydiyata alınan əmək qabiliyyətli yaşda olan və əmək qabiliyyətli şəxslərə deyilir. Şəxsin işi və qazancı olmamalıdır, işə başlamağa hazır olmalıdır və eyni zamanda da işsiz kimi müraciət edib qeydiyyata düşməlidir. Bu statistikadakı rəqəmlər həmin şəxslərin qeydiyyatıdır”. 
 
Xalid Kərimli vurğulayıb ki, işsiz kimi qeydiyyata düşməyənlərin də sayı çoxdur:
 
"Elə insanlar var ki, evdə oturur, işləmir, lakin bununla bağlı da bir dövlət qurumuna müraciət etmir. Belə olan halda həmin şəxslər işsizliklə bağlı statistikadan kənar qalır".
 
Qeyd edək ki, 2023-cü il noyabr ayının 1-nə olan məlumatlara görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230.7 min nəfər olmuş, onların 38.6 faizini qadınlar təşkil edib. 

Bənzər yazılar

0.53408288955688