Azərbaycanda "Qəhrəman ana" statusu bərpa edilməlidir?

 23-11-2023

Ötən günlərdə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında "qəhrəman ana" statusu ilə bağlı təklif səsləndirib. “Qəhrəman ana statusu 10 uşaq dünyaya gətirmiş qadınlara verilir ki, fikrimcə bu say 7-8-ə endirilə bilər”, - o deyib.

Deputatın təklifi sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olub. 

Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə, digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında 5-8, cənub bölgəsində isə 10, 12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi.

Belə qadınlara “Qəhrəman ana” statusu verilirdi. Sovetlər İttifaqı dövründə dövlət əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verirdi.

Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdılar. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu.

Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeyd alınıb. Bu rayonlardan olan üç “Qəhrəman ana”nın hər biri 17 uşaq dünyaya gətirib.

421617

Müstəqil Azərbaycanda "qəhrəman ana" statusu qanunvericlikdə nəzərdə tutulmayıb. Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir: “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.

Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ildə keçirlimiş əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16169 ailə mövcuddur. Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır.

Hazırda Azərbaycandakı çoxuşalı ailələr uşaqların sayına görə aşağıdakı rəqəmlərdə əks olunur:

6  uşaqlı – 9332 ailə

7  uşaqlı – 3565 ailə

8  uşaqlı – 1748 ailə

9 və çox uşaqlı – 1524 ailə

Xatırladaq ki, hazırda Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailə hesab olunur. Ailənin 17 övladı var. İsgəndərovlar ailəsində ən böyük övlad Yunisin 25 yaşı var, ən kiçik uşaq İnci isə 1 yaş yarımlıqdır. Ailənin başçısı Taleh İsgəndərov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu da xatırladır ki, 10 uşaq dünyaya gətirən anaya "Qəhrəman ana" statusu verilirdi:

"İndi təbii ki, baxmalıyıq, onun sayını da azaltmaq lazımdır ki,  7-8 civarında olanlara "Qəhrəman ana" statusu verilsin. Onları dünyaya gətirmək, onları böyütmək, sağlam yetişdirmək, cəmiyyətə təqdim etmək özü bir qəhrəmanlıqdır".

O, uşaq sayına görə olan güzəştlərin şərtlərində uşaq sayının 2-3 nəfərə endirilməsi təklifinin də müsbət təsirini vurğulayıb.

"Biz çalışmalıyıq ki, 3 uşaqlı ailə modeli geniş yayılsın. Bunu mən 20 ildir təbliğ edirəm. Bu uşaqlar təkcə ananın, atanın deyil, bu həm də ölkənindir, dövlətindir. Sosial müdafiə elə təşkil olunmalıdır ki, 3 uşaqlı ailə ölkəmizdə çoxalsın. Ona görə də 3-cü uşağa da həvəsləndirici stimullar olmalıdır. İndi 50 il əvvəlki vaxt deyil ki , 10 uşaq olsun. Bu sayı 7-8 nəfərə endirmək lazımdır".

Bənzər yazılar

0.15828704833984