Təyinatından dərhal sonra “islahatçı nazir” kimi cəmiyyətə təqdim olunan Sahil Babayevin gəlişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki rəhbərlərindən miras qalan problemləri, xüsusən də süründürməçiliyi, bürokratik əngəlləri əsla aradan qaldırmadı, əksinə, bir az da dərinləşdirdi. Başa düşürük, son illər Vətən müharibəsinin ağrılı nəticələri olaraq hökumətin sosialyönümlü xərcləri artıb.
Amma bu o demək deyildir ki, həmin xərclər Sahil Babayevin və onun tabeliyində işləyən vəzifəli şəxslərin cibindən gedir. Bəs elə isə nəyə görə iş görəndə “qarnıağrımışlıqları” tutur? Məsələn, ayağı olmayanları yenidən yoxlayırlar ki, yeni ayaq bitib, ya yox? “Təkmilləşdirilmiş” əlilliyin qiymətləndirilməsi meyarlarında bəzi qərarlar adamın yadına xəlifə Mötəsimin Babəkə oxuduğu edam hökmünü xatırladır:
“Kəsilsin! Sağ ayağı topuqdan bir qarış yuxarı, sol ayağı dizindən bir qarış aşağı…” Sanki bunlar bədənin eyni nahiyəsi deyilmiş. Elə bundansa, xalqın düşmən qarşısında əyilməyən cürətkar başını “sapı özümüzdən olan balta” ilə kəsin getsin!
Əlilliyi olan şəxsə qulluq edən adam dəyişdikdə, ikinciyə veriləsi təqaüdü ləngitmək (yaxud, ona təqaüd kəsilməsi prosedurunu bürokratik əngəllərlə uzatmaq) də elə əlilin özünə verilən təqaüdü ləngitmək kimi bir şeydir. Nə fərqi var, yeməyə çörək tapmadın, yaxud, tapdığın çörəyi qaşıqla sənə yedizdirəcək köməkdar tapmadın?
Atam – 1934-cü il təvəllüdlü Tağıyev Bəhlul Məhəmməd oğlu ümumi xəstəlik səbəbilə 2007-ci ildən etibarən I (birinci) qrup müddətsiz gözdən əlildir, 200 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır. Əmək qabiliyyətindən məhrumdur, kənar şəxsin qulluğuna ehtiyaclıdır. Ötən ilə qədər atamın qulluğunda anam dururdu və əlilliyi olan şəxsə qulluq etdiyinə görə 100 (bir yüz) manat təqaüd alırdı. Anam dünyasını dəyişəndən sonra atama bacım qulluq etməyə başladı.
Bacıma əlilliyi olan şəxsə qulluq etdiyinə görə təqaüd təyin olunması üçün müraciət etdiyimiz Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi öz növbəsində müvəkkil banka məktub göndərdi. Bu vaxt atamın əlilliyini təsdiq edən sənədlərin lazım olduğu bildirildi. Onu da qeyd edim ki, mənim atamın birinci dərəcəli qohumu kimi notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə onun adından dövlət idarələrində çıxış etmək səlahiyyətim var.
Həm də məşğul olduğum jurnalistika peşə fəaliyyətimdən təmasda olduğum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova zəng vurub məsləhətləri ilə köməklik göstərməsini xahiş etdim. O, əvvəlcə dinlədikdən sonra bildirdi ki, mənlik deyil, rəsmi məktubla müraciət et. Yenidən təkid etdikdən sonra o, məni dinləyib Binəqədi rayonundakı 4 saylı DOST Mərkəzinə yönləndirdi. 4 saylı DOST Mərkəzindən atamın adına Respublika Əlillərin Bərpa Mərkəzinə təqdim etmək üçün arayış aldım.
Eyni zamanda atamın əlilliyini təsdiqləyən arxiv arayışının tələb olunduğunu öyrəndim. Yenidən əlaqə saxladığım Fazil Talıbovun tövsiyəsi ilə ərizə yazıb DSMF publik hüquqi şəxsə müraciət edərək arxivdən lazım olan arayışın verilməsini xahiş etdim. 10 gün sonra arxivdən mənəı zəng vurub məktubu göndərəcəkləri ünvanı soruşub dəqiqləşdirdilər. Mən hətta təklif etdim ki, gəlib məktubu özüm də götürə bilərəm.
Dedilər ki, yox, özləri məktubla göndərəcəklər. Beləliklə, üç aydır ki, gözlədiyim məktubu mənim ünvana göndərmirlər. Bir daha zəng vurduğum Fazil Talıbov isə ilk əvvəl özünü aramızda olmuş söhbəti sanki unudubmuş kimi apardı. Mən söhbətin detallarını xatırladandan sonra dedi ki, yenidən Nazirliyə yazılı müraciət edim. Mən ona bildirdim ki, tərəfimizdəmn bütün lazım olan rəsmi, yazılı müraciətlər edilib, iş arxiv arayışının lazım olduğu mərhələyə qədər irəliləyib.
Prosesi yenidən başlamağa lüzum yoxdur, bircə qalır arxiv rəhbərliyinə arayışın bizim ünvana göndərilməsini xatırlatmaq, vəssalam. Bu halda Fazil Talıbov özünün bu məsələdə heç bir köməklik edə bilməyəcəyini dedi. Belə çıxır ki, Fazil Talıbov öz boş tövsiyələri, hərəkətsizliyi ilə insanların onun təmsil etdiyi hökumət qurumundan narazı qalmasına, hədər yerə vaxt və enerji itirmələrinə səbəb olur, bir sözlə, öz birbaşa vəzifəsindən başqa hər şeylə məşğul olur. (Deryaz.az)