1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırımı 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn ediliblər.
Bu baxımdan iyulun 11-i Bosniya və Hersoqovina tarixinə qanlı hərflərlə yazılıb. Həmin gün Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Hersoqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azərbaycan və Bosniya-Hersoqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən asası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır. Bu səbəbdən 2013-cü il fevralın 26-da Bosniya və Hersoqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə töhfə olmaqla Bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi.
Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr yaranıb və uğurla inkişaf etməkdədir. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Bütün bunlar hər iki ölkəni birləşdirən oxşar tale və oxşar ağrının rəmzidir.
Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.
Azərbaycan artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.
Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Hersoqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlib. Bu proseslərdə hakimiyyətin əsas qollarından olan parlament də mühüm rol oynayır. Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir. Yeni formalaşmış parlamentin nəzdində yaradılan dostluq qruplarının özünəməxsus rolu burada danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri Azərbaycan və Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Hersoqovina parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə çalışmaqdadır.
Azərbaycan həqiqətlərinin Bosniya və Hersoqovina ictimaiyyətinə, o cümlədən dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək BMT-nin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə dair qətnamələrini yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz Birləşmiş Millətlər Təşkilatı ilə 30 illik etimadın dəyərini açıq şəkildə sübut etdi, Azərbaycan torpaqlarının 30 illik işğalı və ədalət intizarına son qoyuldu.
Beləliklə Şuşaya yenilməz, üçrəngli Azərbaycan Bayrağının sancılması ilə bu günədək baş vermiş müharibələrdə canını fəda edərək şəhid olmuş qəhrəmanlarımızın qanları yerdə qalmadı və onların əbədiliyi qorunmuş oldu.
Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı