Bakıda məşhur tamada Natiq Dağlaroğlunun bıçaqlandığı “Altun” şadlıq sarayı ilə bəzi faktlar üzə çıxıb. Əvvəlcə yada salaq ki, Natiq Dağlaroğlu iyulun 2-də gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında bıçaqlanıb. Onunla birgə musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyevə bıçaqla xəsarət yetirlib. Hər iki şəxs ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin araşdırmalardan sonra hadisənin 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İndi gələk Natiq Dağlaroğlunun bıçaqlandığı “Altun” şadlıq evi barədə faktlara. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən şadlıq sarayı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsusdur. Abdin Fərzəliyev hələ Nərimanovun icra başçısı olanda “Altun”u inşa edib.
Altun şadlıq sarayı həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru, hazırda məhkumluq həyatı yaşayan Vüqar Səfərlinin sevimli məkanı olub. KİVDF-nin əksər tədbirləri məhz bu şadlıq sarayında keçirilib.
Vüqar Səfərli ilə birgə mühakimə olunan “Altun” şadlıq sarayının inzibatçısı olmuş Şaiq İbrahimovun məhkəmədə verdiyi ifadəyə diqqət etdikdə keçmiş icraçı direktorun bu məkana marağının səbəbi aydın olur:
Ətraflı
“Altun”da inzibatçı kimi işləmişəm. 2018-ci ildə KİVDF-nin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərlik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirirdik. Təbdir qutarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi.
KİVDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürürdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar Səfərli, ya da nümayəndəsi götürürdü”.
Vüqar Səfərlinin “qara işləri” üçün “Altun” şadlıq evini seçməsi də təsadüfi deyil. Yuxarıda qeyd etdik ki, şadlıq evi Abdin Fərzəliyevə məxsusdur. O isə Ramiz Mehdiyev-Əli Həsənov tandeminin kadrlarından hesab edilir. Abin Fərzəliyev vaxtilə hakim Yeni Azərbaycan Partiyasında Əli Həsənovun müavini vəzifəsində çalışıb. Abdin Fərzəliyev 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini təyin edilib. Həmin komissiyanın sədri isə Əli Həsənov olub.
Vüqar Səfərli də bu qruplaşmaya daxil olan şəxslərdəndir.
Maraqlıdır ki, Ramiz Mehdiyevlə Əli Həsənov hakimiyyət komandasından çıxdaş edilsə də, Abdin Fərzəliyev özünü qoruya bilib.
Abşeron İcra Hakimiyyətindən isə Qaynarinfo-ya bildirilib ki, “Altun” şadlıq evinin Abdin Fərzəliyevə aidiyyatı yoxdur. Bununla belə, mediada bu barədə çoxsaylı materiallar tirajlanıb və təkzib olunmayıb.