Astarada da dəniz sahili ZƏBT OLUNUB

 02-07-2022

Artıq bir çox illərdir ki, Astara şəhərinin ərazisində Xəzər sahilinin hasarlanması davam edir.

Yerli sakinlərin “deputatların çimərliyi” adlandırdıqları yerlərdə Xəzərə çıxış qapadılıb. Hasar çəkilib, dəmir darvaza qoyulub. Elə yerlər var ki, hasar suyun içinə qədər hörülüb. Xəzərə açılan dəmir qapının üstündə kilid var.

Nəzarətçinin deməsinə görə, kim dənizə getmək istəyirsə, qapını açırlar…

Xəzər sahilindən İrana gedən nəqliyyat yolunun bir tərəfində restoranlar, mehmanxanalar, evlər tikilib. Yerli sakinlərin demələrinə görə, çimərlik mövsümündə dənizə çıxmaq çətinləşir.

“Sahilə düşmək istəyirdim, imkan vermədilər…”

“Mən dənizə yaxın yerdə yaşayıram. Yayda nəvələrimlə parka getmişdim, dəniz sahilinə düşmək istəyirdim, imkan vermədilər. Vaxtilə həmin yerlər boş idi, dənizə rahat enə bilirdik”.

Bu sözləri Astara şəhər sakini Həsənağa Məmmədov deyir.


Astara dənizkənarı park

O, daha sonra da əlavə edir: “Bəzi yerlərdə dənizə çıxış var. Həmin yerlərdə çimmək mümkün deyil. Park salıblar, amma burada yayda xidmət bahadır. Yayda dayanacaqlardan pul alırlar, halbuki park dövlətin hesabına inşa edilib. İstəyirik ki, növbəti çimərlik mövsümünə qədər burada qayda yaratsınlar. Narahatçılıq doğuran hal odur ki, dəniz hasarlanır”.

“Yazdıq prezidentə”


Dənizə çıxış qapadılıb

Astara şəhərinin başqa bir sakini Zabir Ağayev də deyir ki, dənizin hasarlanması və çimərliklə bağlı ölkə başçısına müraciətləri olub: “Dəniz sahilində uzunluğu 70 metr olan çimərlik qalıb. 100 mindən çox əhalisi olan Astara rayon sakinləri neçə illərdir ki, həmin çimərlikdən istifadə edirdilər. Gördük ki, o çimərliyi də zəbt edirlər. Yazdıq prezidentə. Cavab Astara Rayon İcra Hakimiyyəti Aparatından gəldi. Bildirdilər ki, həmin yer dövlət çimərliyidir, heç kim oranı zəbt edə bilməz. Müxtəlif qurğular qurublar…”.

“Burda mənzillər Bakıdakı mənzillərdən də bahadır”

Adının çəkilməsini istəməyən bir Astara şəhər sakinin deməsinə görə isə, yüksək vəzifəli məmurlar ərazidə villalar inşa ediblər: “Burda mənzillər Bakıdakı mənzillərdən də bahadır. Kim onları alır?! Biz ala bilmirik”.

Ərazidə gözətçilərdən başqa kimsə gözə dəymir. Amma tikinti işləri davam edir. Tikintini aparan məsul şəxslərdən və mövcud qurğuların sahibləri ilə isə danışmaq mümkün olmayıb.

deniz

Bundan başqa, Astaranın Qamışlı kəndində də dənizkənarı çimərlik zəbt olunub.

Ərazinin yerli icra və bələdiyyə qurumları tərəfindən satıldığı iddia edilir. Bu barədə kənd sakini Ruslan Dadaşov "Feysbuk" hesabında yazıb.

"İki günlük kəndimizə getmişdim. Kəndimiz dəniz sahilində yerləşir və gözəl çimərliyi var. Həmin çimərlik ki bizim uşaqlığımız orada keçib. Bu ərazilər həm də bizim kəndin örüş yerləri olub. Amma və lakin bu dəfə dəniz sahilinə getməyimə məyus oldum. Kəndimizin bələdiyyə sədri ilk əvvəl həmin əraziləri qeyri-rəsmi yollarla istifadə etdi, daha sonra isə Tofiq Heydərov adlı şəxsə böyük məbləğdə vəsaitə "satdı"", - deyə Ruslan Dadaşov qeyd edib.

Onun sözlərinə görə, Tofiq Heydərov ərazini tam bağlamaqla yerli əhalini çimərliyə və onların mal-qarasını örüş yerinə həsrət qoyub: "Dünən özünü həmin yerin inzibatçısı kimi təqdim edən şəxs mənə yaxınlaşdı və bildirdi ki, maşınla bu əraziyə giriş qadağandır, maşını buradan götür. Dedim ki, bura mənim evimdir, burada mənə hökm edə bilməzsən. Sahil isə şəxsi mülkiyyətiniz deyil, buradan hər kəs istifadə üçün sizdən icazə almamalıdır?".

Kənd sakini deyir ki, sahili zəbt edənlərlə bağlı qanun çərçivəsində də addımlar atılacaq.

Yazıda adıkeçən Tofiq Heydərovun "AAAF Park"ın rəhbəri olduğu bildirilir. "AAAF Park"dan məsələyə münasibət öyrənə bilmədik.



Dənizə çıxış bağlıdır

Astara Şəhər Bələdiyyəsindən bildiriblər ki, dəniz sahilinə onlar nəzarət etmir. Astara şəhər inzibati ərazi nümayəndəliyindən rayon icra hakimiyyətinə müraciət etməyi məsləhət gördülər.

İcra hakimiyyəti: “Heç kimə dənizə getməyə qadağa qoyulmayıb”

Astara Rayon İcra Hakimiyyətindən isə bunları bildirdilər: “Oraya şirkət nəzarət edir, onların balansındadır. Dənizin mühafizə zolaqları var, nəzərə alınmalıdır. Orda kölgəliklər düzəldiblər, insanların rahatlığı üçündür. Dəniz kənarında olan mülklər şəxsi mülkiyyətdir, amma dənizə çıxış var. Heç kimə dənizə getməyə qadağa qoyulmayıb. Oralarda tikinti işləri aparanda sənədlərə baxırıq”.

Amma icra hakimiyyətindən hər hansı bir ad çəkilməyib.

Mənbə: “Azadlıq” radiosu

Bənzər yazılar

0.22794890403748