Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.
MillətinSəsi.info Sabah.az-a istinadla xəbər verir ki, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qohumudur. Mətbuatda Rəşad Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.
R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.