Baş prokuror Kamran Əliyev: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”

 01-10-2023

“Hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri partiya sədri Qubad İbadoğlu, keçmiş millət vəkili Nazim Bəydəmirli və ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı beynəlxalq təşkilatların müraciətləri ilə əlaqədar sualı cavablandırarkən Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, sözügedən işlərin hər birində konkret faktlardan və sübutlardan istifadə edilib:

“Hər bir şəxs qanunla nəzərdə tutulmuş prosedurlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilir. Bu işlərin hər birində biz konkret faktlardan və sübutlardan istifadə edirik ki, prokurorluq orqanları üçün də əsas məsələ budur.

Beynəlxalq təşkilatlara gəlincə, hesab edirəm ki, hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir. Bu, həm siyasi, həm hüquqi baxımdan səhv addımdır.

İranda Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxılması üçün iranlı həmkarımla görüşdə müzakirə apardıq”.

O, bildirib ki, iranlı həmkarından Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxmağı xahiş edib:

“Təbii ki, görüşdə bu məsələyə daha humanizm prinsipi ilə yanaşmasını xahiş etdim. O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq. Humanizm prinsiplərindən çıxış edərək prokurorluq öz mövqeyini ortaya qoyacaq.

İşğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı tərəfimizdən beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Ərazilər azad edildikcə məzarlıqların tapılması işləri daha da sürətləndirilir”.

O təəssüflə bildirib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələri, kütləvi məzarlıqların yeri barədə dəqiq məlumatlar vermir:

“Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəf bu məsələdə Azərbaycanla əməkdaşlıq etməsə də biz zamanla bu prosesi davam etdiririk. İşğaldan azad olunmuş bütün ərazilərdə mülki prokurorluqlar mövcuddur”.

Baş prokuror bildirib ki, hazırda bu proses davam etdirilir:

“Bu yaxınlarda Laçın rayonunda yeni inzibati binanın açılışını etdik. Gələcəkdə də bu işlər davam etdiriləcək və yeni prokurorluq binalarının inşası təmin ediləcək”.

Bənzər yazılar

0.24552989006042