Nəticələrə əsaslanan kurikulumun şagirdlərin təhsilə cəlb olumasında rolu

 29-09-2023

Yaxşı müəllimlər həmişə sağlam və dəstəkləyici müəllim/şagird münasibətləri vasitəsilə tələbələrə ehtiyac duyduqları və öyrənmək istədikləri istiqamətdə rəhbərlik edirlər. Müasir dövrdə kurikulumların və öyrənmənin təşviqində pedaqogikanın cəlb edilməsinin əhəmiyyəti, eləcə də şagird nailiyyətlərini qiymətləndirmək üçün istifadə olunan üsullar vacib mövzulardan sayılır.

Kurikulum təhsil bölmə və ya şöbələrinin öyrətməli olduğu məzmun olsa da, sinif müəllimləri kurikulumun necə təqdim edilməsi və çatdırılması üçün əhəmiyyətli məsuliyyət daşıyır və ona nəzarət edirlər. Təcrübədə, həvəsli və istedadlı müəllim darıxdırıcı məzmuna enerji verə və onu real həyatla əlaqələndirmək yollarını tapa bilər, orta səviyyəli və ya həvəssiz müəllim isə zəif təqdim etməklə xarici praktikada belə ən uğurlu və yaradıcı hesab edilən  kurikulumun cəlbediciliyini poza bilər.

Avstraliyanın Flinders Universitetinin araşdırmasına görə, sinifdə kurikulum zəif olduqda və cəlbedici olmadıqda buna oğlanlar qızlardan daha çox reaksiya verirlər. Adətən oğlanlar öyrəndiklərinin məktəbdən kənarda və ya ondan sonrakı həyatla necə əlaqəli olduğunu görmək istəyirlər və əhəmiyyətsiz mövzu kimi görünən mövzularla məşğul olmaqda çətinlik çəkə bilərlər. 

Öyrəndiyimiz və bəlkə də, məktəbdən sonra heç vaxt istifadə etmədiyimiz bəzi dərs materiallarının onların həyatına necə aid olduğunu görmək istəyən uşaqlara çatdırmaq çox çətindir. Qeyd edildiyi kimi xüsusilə oğlanlar kurikulum zəif olduqda nə öyrəndikləri və ondan necə istifadə edə biləcəkləri arasında əlaqə qura bilmirlər. Buna səbəb isə mövzu və ya onun təqdimatının sıxıcı olmasıdır. 

Təbii ki, yaxşı tədris olunan müvafiq və maraqlı kurikulumun olması oğlanlar üçün olduğu kimi qızlar üçün də vacibdir. Bununla belə, oğlanlar qızlardan fərqli olaraq daha sönük mövzulara və ya ruhlandırıcı olmayan tədrisə özlərinin və başqalarının öyrənməsini pozacaq açıq bir şəkildə cavab verirlər. Bu, Azərbaycanda olduğu kimi dünyanın hər bir yerində olan reallıqdır. 

Avstraliyanın hər bir ştat və ərazisində məktəb kurikulumu unikaldır, lakin onlar bir neçə səviyyədə qurulub. Adətən, ümumi qəbul olunmuş prinsip kurikulumun əsasını təşkil edən dəyərləri, məqsədləri və gözlənilən təlim nəticələrini müəyyən edir. Hər bir “əsas öyrənmə sahaləri” daxilində xüsusi təhsil kursları üçün tədris planları bu sahələrin altında öyrətmə alətlərinə uyğunlaşdırılır. Dəyişikliyin istiqaməti isə nəticələrə əsaslanan təhsilə, yəni tələbələrin nəyi bilməli və tələbələrin nəyi bacarmalı olduğu gözləntilərini əks etdirir. 

Məzmun-əsaslı yanaşmalardan fərqli olaraq, nəticələrə əsaslanan öyrənmə bütün tələbələrin öyrənməyə eyni nöqtədən başlamadığını və ya eyni sürətlə irəliləyiş etmədiyini qəbul edir və bu, müəllimlərə öz şagirdlərinə və şəraitlərinə uyğun yanaşmalar qəbul etmək üçün daha çox sərbəstlik verir. 

Nəticələrə əsaslanan kurikulum üçün ümumi olan digər xüsusiyyət, tələbələrin həyat boyu uğur qazanması üçün lazım olan bilik və bacarıqlara diqqət yetirilməsidir. Bilik və bacarıqlar fənlərarası xarakter daşıyır və kurikulumun təşkili üçün istifadə olunan səkkiz “əsas öyrənmə sahəsini” özündə ehtiva edir. Nəticələrə əsaslanan yanaşmalar bütün fənlərin tədrisi və qiymətləndirilməsi çərçivəsində lazımi bilik və bacarıqları daxil etməyi hədəfləyir. 

160 dövlət və katolik məktəbini əhatə edən sınaqdan sonra Cənubi Avstraliya 2001-ci ildə bu prinsiplərə əsaslanan yeni kurikulum tətbiq etdi. Kurikuluma daxil edilən alət, uşaqların effektiv öyrənə bilməsi, həmyaşıdları ilə səmərəli qarşılıqlı əlaqə qura bilməsi və məktəbdən sonrakı həyat üçün sadəcə hümanitar, texniki fənlərin öyrədilməsinin artıq yetərli olmadığını ortaya qoydu. Böyük ölçüdə olan kurikulum “əsas öyrənmə sahələri” adlandırılan bir mexanizm ətrafında cəmləmişdirilib. 

Yeni yanaşma həm ibtidai, həm də orta məktəbdə ənənəvi üsuldan daha geniş öyrənmə təcrübəsi təklif etmək potensialına malikdir. Real dünya problemləri ilə əlaqəli tapşırıqlar yaratmaqla daha real və uyğun öyrənmə və qiymətləndirmə tapşırıqları mümkündür. Qeyd edilən yanaşmanın tətbiqi Azərbaycanda təhsilin keyfiyyətində olan problemlərin tapılmasında və onların aradan qalıdırılmasında mühüm rol oynaya bilər.

Təhsil üzrə ekspert Günay Abbasova

 

Bənzər yazılar

0.30410003662109