Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir"

 26-09-2023

Naxçıvanın Türkiyə üçün strateji önəmi var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin İclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, əldə olunan razılaşmalara əsasən Naxçıvan Türkiyə ərazisini tam olaraq qaz ilə təmin ediləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.

"Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq

Zəngəzur dəhlizi Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qaçmaqla yeriməkdən qat-qat çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik.

Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır.",- Türkiyə Prezidenti qeyd edib.

R.T.Ərdoğan onu da söyləyib ki, Naxçıvana səfəri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "bir millət, iki dövlət" ruhunun bütün dünyaya bəyanıdır: "Necə ki, biz bunu Birləşmiş Millətlər Təşkilatının tribunasından dedik. Necə ki, biz bunu Azərbaycanın doğma torpağı olan Şuşada danışdıq, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik. Biz iki dövlətik, amma taleyimiz və idealımız bir millətik. İki ölkə arasında münasibətlərin səviyyəsi mümkün olan ən yüksək səviyyəyə çatacaq".

O vurğulayıb ki, qardaşlığımızı yeni addımlarla gücləndirmək əzmindədirlər: "Enerjidən müdafiə sənayesinə, ticarət xəttlərindən regional əməkdaşlığa qədər hər sahədə atılacaq addımlar mərhələli şəkildə həyata keçiriləcək. Birgə qalib gəlmək prinsipi ilə atılan bu addımlarla iki ölkənin potensialı çox yüksək səviyyələrə çatacaq. TANAP-ın imkanlarının genişləndirilməsi və Xəzər dənizindən daha çox təbii qazın Türkiyə və Avropaya axmasına şərait yaradılması bu addımlardan biridir. Bu, hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

“Azərbaycan noyabrın 3-də Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatarın dəvət olunmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu məsələ ilə bağlı ciddi əzmkarlıq var. Orada KKTC bayrağının dalğalanmasını istədiyini də açıqlayır.

Ümid edirəm ki, KKTC ilə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik. KKTC-nin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir”- prezident R.T.Ərdoğan bildirib. 

Ərdoğan əlavə edib ki, KKTC ilə birlikdə həll yolu tapmaq üçün bütün yollara, formullara, o cümlədən federasiya formuluna da səmimi yanaşılıb: “Ancaq bundan sonra Kiprdə iki dövlətli həldən başqa bir variantın olmadığı aydın oldu. İndi bütün səhvləri siləcək düzgün addım atmağın vaxtıdır”.

Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək. Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı sözün əsl mənasında köçüb. Hara? Azərbaycana. İndi 10 illərdən sonra Azərbaycan bu qətliamın hesabını sordu. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa və Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı”, - o bildirib.

 

 

Bənzər yazılar

0.29212808609009