Bacısıgilə gəlib yeznəsini öldürdü - Bakıdakı qətlin təfərrüatı

 20-09-2023

Bakıda yeznəsini qətlə yetirməkdə təqsirli bilinən Tahir Ağayevin cinayət işi ürə təfərrüatlar məlum olub.

Hadisə Xətai rayonunda baş verib. Şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı Tahir Ağayev yeznəsi Samir Məmmədovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xətai RPİ və Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Ağayev Ağdam rayonu ərazisində tutulub.

İş üzrə dindirilmiş Tahir Ağayev ifadəsində göstərib ki, dekabrın 13-də bacıları, həyat yoldaşları və uşaqları onların evində olublar. Qonaqlıq zamanı Tahir və yeznələri ilə 3 şüşə araq içiblər. 

Saat 23:30-da Samir ailəsi ilə evə getmək üçün masadan qalxıb. Əşyaları olduğu üçün Tahir onlara kömək edib və öz mənzillərinə qədər yola salıb. Evlərində mətbəxdə siqaret çəkərkən yeznəsinin pivə almaq üçün Pərvanədən 20 manat pul istədiyini eşidib. Bacısı isə ərinə etiraz edərək həmin pula səhər bazarlıq edəcəyini söyləyib. Tahir şillə səsi eşidən kimi dözməyib və mübahisəni sakitləşdirmək üçün yataq otağına keçib.

Samir bacısının yanında nalayiq sözlərlə söyüb ona işlərinə qarışmamasını dedik də, Tahir bir daha yeznəsinə danışığına fikir verməsini və mübahisəyə son qoymasını xahiş edib. Buna baxmayaraq Samir onun burnundan yumruqla bir zərbə vurub və itələyərək yataq otağından mətbəxə gətirib. Bacısı və uşaqlarına görə o, Samiri vurmayıb. Yalnız əllərini tutmağa çalışıb. Yeznəsi isə onu döşəməyə yıxıb yumruqla yenə də sifətinə zərbələr endirib. Pərvanə arxadan gəlib Samiri yalvara-yalvara onun üzərindən qaldırıb. Yeznəsi onu söyərək evdən qovub. 

Tahir Ağayev ifadəsinin davamında bildirib ki, yaşadığı binanın yanına çatanda atası və böyük yeznəsi Şamil qarşısına çıxıblar. Samir yenidən arxadan gələrək onu tutub və sifətinə daha bir neçə zərbə vurub. Atası və Şamil onları ayırmağa çalışarkən Samir Tahirin atasının yaxasından tutub kənara itələyib və qayınatasını söyüb. Ağayev artıq buna dözməyib Samirin sifətinə yumruq atıb. Lakin zərbə sonuncunun sifətindən sürtünüb keçib. Davadan sonra Şamil Samiri evlərinə qədər ötürüb Tahir isə evə gedib. Yeznəsinin heç bir səbəb olmadan bacısı Pərvanəni vurması ona çox pis təsir edib. Baş verən hadisə yadından çıxsın deyə, o, evdən çıxaraq marketə gedib və bir şüşə araq alaraq həyətdəki skamyada oturub içib. Arağı içdikdən sonra yatmaq üçün evə qalxıb. 

Gecə saat 3-4 radələrində evlərinə zəng olunub. Anasının telefonla danışandan sonra atasına nəsə deməsindən başa düşüb ki, Samir yenə də Pərvanəni döyüb. Atası ilə anası onların evlərinə getmək üçün dərhal evdən çıxıblar. Tahirin isə gəlib mübahisə salmaması üçün açarla qapını bayırdan bağlayıblar. Amma Tahir Samirin yenə də ata anasına qarşı hörmətsizlik edib onları söyəcəyini bilib, özündə olan açarla qapını açıb. 

Artıq bacısının yaşadığı məhəlləyə çatanda yeznəsinin qışqıra-qışqıra nalayiq sözlər işlətməsini eşidib. O, iti addımlarla 3-cü mərtəbəyə qalxaraq qapını açıb və dəhlizə girib. Orada Samirin valideynlərini təhqir etdiyini görüb. Yeznəsi onu görən kimi itələyib dəhlizdən bloka çıxarıb. O, artıq Samirin bu hərəkətlərindən bezib. Əvvəlcədən kəmərin arxasına keçirdiyi bıçağı çıxarıb yeznəsinin sinəsindən bir zərbə vurub və əlini bıçaqdan çəkib. Kəsici alət sonuncunun bədənində qalıb. Samir əli ilə bıçağı çəkib çıxarıb və Tahirin onu vurduğunu qışqıra-qışqıra pilləkənlərlə aşağıya doğru qaçıb. Yeznəsinin dalınca bloka çıxan Tahir və atası Samirin həyətdə asfaltın üzərində hərəkətsiz vəziyyətdə qaldığını görüblər.  

Məhkəmə prosesində Tahir Ağayev ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Tahir Ağayev 13 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

 

Bənzər yazılar

0.2986958026886