ABŞ Cənubi Qafqazda tarixi ədalətsizliyə son vermək istəyirsə, o zaman…

 17-09-2023

Düz 30 il idi ki, Azərbaycanın tarixi torpaqları Ermənistanın təcavüz və işğalına məruz qalmışdı və bu, dünya ictimaiyyəti,  güclü dövlətlərin qurduğu siyasət və BMT, Avropa Birliyi kimi mötəbər qurumların guya bu konflikti ədalətlə həll etməyə çalışmaları şəraitində davam edirdi.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi.

“Bu ABŞ-ın eyni xarakterli münaqişələrə fərqli yanaşması və ikili siyasətinin bariz nümiunəsidir. 
Ermənistanın etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində bu 30 il ərzində bir milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından, tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmiş, minlərlə insan, o cümlədən qoca, qadın və uşaqlar itkin düşmüş, qətlə yetirilib. Lakin ABŞ bütün bunlara göz yumub və görməməzlikdən gəlib”, - o qeyd edib.

O əlavə edib ki, bu işğal illəri ərzində Azərbaycan yalnız vətəndaşlarını itirməyib, həmçinin işğal altında qalan torpaqlarımız, mədəni və tarixi abidələrimiz, təbii sərvətlərimiz də genosidə məruz qalıb, məqsədyönlü şəkildə məhv edilib və qarət olunub. Erməni vandalları  milli irsimizi kütləvi surətdə məhv etmiş, yaşayış yerlərimizi, şəhərlərimizi yerlə yeksan edib, mülki və təsərrüfat obyektlərini talayıb, qədim tarixi-dini abidələrimizi dağıdıb, hətta onların bir qismini saxtalaşdıraraq erməniləşdirmişdirib. Dünya ictimaiyyəti istəməsə də, etiraf etməli olub ki, Ağdam «Qafqazın Xirosiması və ruhlar şəhəridir». XXI əsrdə sivil dünyada özünü «ən qədim və ali xalq» adlandıran  toplumun belə bir vandallığı heç bir ölçüyə və sağlam təxəyyülə sığışmır. 

Bu illər ərzində Azərbaycan və Ermənistan arasında imzalanmıh atəşkəsə baxmayaraq, Ermənistan işğalçı siyasətini davam etdirmiş, atəşkəsi pozaraq sərhəd boyunca yerləşən mövqelərimizdə əsgərlərimizi qətlə yetirmiş, ərazilərimizdə təxribatlar törədərək  təmas xətti boyunca yerləşən mülki ərazilərimizi atəşə tutmuş, əhali arasında yüzlərlə insanın ölümünə səbəb olmüşlar, insanların təsərrüfat işləri ilə məşğul olmasına imkan verməmişlər.

2020-ci il 12-17- iyul tarixlərində növbəti təxribatlar nəticəsində baş verən Tovuz döyüşləri zamanı Qaraqaya yüksəkliyində, Mübariz postunda general Polad Həşimov və İlqar Mirzəyevin də qəhrəmancasına şəhid olması xalqımızı münaqişəni sülh yolu ilə həll etməyin qeyri-mümkün olması fikrində əmin etdi və hamı dövlətinə müharibəyə getmək və torpaqlarımızı öz gücümüzlə azad etmək və ədaləti bərpa etmək əzmini bildirdi. 

Nəhayət, 2020-ci il 27 sentyabr tarixində  Ermənistan növbəti hərbi təxribat törədərək  atəşkəs rejimini yenidən pozaraq cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməyə başlamış və eyni zamanda  Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutmuşdu. Bu,  Azərbaycana qarşı növbəti təcavüz idi və Azərbaycan xalqının səbir kasasının son damlası oldu.  

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək haqqında  əmr verdi. Bu, xalqımızı qələbəyə aparan şanlı yolun başlanğıcı, 44 günlük Vətən müharibəsinin ilk günü oldu. Bu 44 gün ərzində Azərbaycan xalqı döyüş əzmini, siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Vətən uğrunda şanlı müharibədə Azərbaycan xalqı görünməmiş milli birlik nümunəsinə çevrildi. Müharibənin gedişi zamanı, xalqımıza ordumuzun növbəti qələbələrini elan edərkən Ali Baş Komandanın «Qarabağ Azərbaycandır!» nidasını müşayiət edən xüsusi jesti – «Dəmir yumruq» xalqımızın milli birliyii, Vətən uğrunda mübarizəsi və qələbə əzminin  rəmzinə çevrildi. Bundan sonra da Azərbaycan öz ərazisində hər hansı “boz ərazilərin” olması ilə barışmauyacaq. Qanunsuz silahlı birləşmələr və terrorçular tərksilah ediləcək. ABŞ doğrudan da Cənubi Qafqazda sülhün təmin olunmasını, tarixi ədalətsizliyə son verib, ədaləti bərpa etmək istəyirsə, o zaman ikili siyasətinə son verib, işğlaçılıq siyasətini yürüdən Ermənistanı dəstəkləməkdənsə, İrəvana  təzyiq edib, işğalçılıq siyasətindən, başqa müstəqil dövlətin daxili işlərinə müdaxilə etməsindən, terrorçuları maliyyələşdirməsindən  çəkindirsin. Daha  ikili siyasət yürütməsinə son verməlidir”.

Ölkə.Az

Bənzər yazılar

0.34343695640564