Ekspert Eyyub Kərimli: Əhalinin dərmanları aşağı qiymətə almasına imkan yaranacaq

 15-09-2023

“Tarif Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib. Bu qərarın qəbulu dərman sektorunda liberal rəqabət qaydalarına müsbət təsir edəcək”.

Bunu APA-ya açıqlamasında “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib.

Eyyub Kərimli deyib ki, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanunda və bu Qanunun tətbiqi barədə Fərmanda dəyişiklik edilib. Bu dəyişikliklərlə dərman vasitələrinə əlçatanlığın təmin olunması, çeşid sayının çoxaldılması, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilib.

Bununla əlaqədar olaraq aidiyyəti qurumlara bir sıra məsələlərin yaxın zamanlarda həlli tapşırılıb, Tarif (qiymət) Şurası da müvafiq qərar qəbul edib: “Bu qərarın tətbiqi həm də əhaliyə daha ucuz qiymətə dərman almağa şərait yaradacaq. Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. Topdan və pərakəndə satış zamanı həmin qiymətlərdən aşağı və yuxarı qiymətə dərman satıla bilinmirdi. Tarif Şurasının qərarı ilə artıq dərmanın maksimal satış qiyməti təyin olunur. Tutaq ki, dərmanın maksimal satış qiyməti 20 manatdırsa, topdansatış məntəqələrində bu dərman 15 manata satıla, pərakəndə satışda 16, 17, 18, 19 manata, yaxud bəziləri tərəfindən 20 manata təklif edilə bilər. Bu da daha sərbəst rəqabət mühiti yaradacaq. Bundan da udan yalnız istehlakçılar olacaq. Əhalinin dərmanları aşağı qiymətə almasına imkan yaranacaq”.

Ekspert qeyd edib ki, indiyə qədər vahid dərman qiyməti olduğu üçün şirkətlərin də hansısa dərmanların ölkəyə gətirilməsi və satışı üçün stimulu olmurdu: “Çünki vahid qiymət olanda rəqabət yox, tənzimləmədən söhbət gedir. Bu da bəzi hallarda dövriyyənin aşağı düşməsinə səbəb olurdu”.

Eyyub Kərimli nəzərə çatdırıb ki, bu sahədə aparılan islahatlardan biri də dərman vasitələrinin qeydiyyat prosedurunun sadələşdirilməsi, elektronlaşdırılmasıdır: “Bu da bu sahədə olan bəzi neqativ halların qarşısını almaq istiqamətində müsbət təsirini göstərəcək. Bu da son nəticədə dərman qiymətlərinin aşağı düşməsinə zəmin yaradacaq. O cümlədən elektron dərman reseptlərinin tətbiqi də önəmli addımdır. Çünki zaman-zaman müxtəlif ekspertlər tərəfindən tənqidlər səslənirdi ki, həkimlər dərman şirkətləri ilə əlbir olaraq daha çox ehtiyac olmayan dərmanları pasiyentlərə yazır, dərmanların satışından öz faizlərini götürürlər. Dərman reseptləri elektron olan zaman buna nəzarət imkanları da artacaq. Elektron reseptlər beynəlxalq təcrübəyə uyğundur, həkimlərin məsuliyyətini artıracaq”.

Ekspert hesab edir ki, qəbul edilən bu qərarlar gələcəkdə bu sahənin inkişafına və son nəticədə insanların büdcəsinə müsbət təsir göstərəcək, xərcləri azaldacaq: “Bu gün ölkəmiz 97 faiz dərman idxalından asılıdır. Bu sahənin inkişafı, xarici investisiyaların cəlbi artıq diqqət mərkəzindədir. Pirallahı Sənaye Parkı yaradılıb, burada dərman istehsalı üçün 37 milyon manata yaxın investisiya yatırılıb, 130-a yaxın daimi iş yeri açılır. Əlavə 30 milyon manat da digər layihələrə investisiya qoyulub. Bu da bu sahənin idxaldan asılılığının azaldılmasına müsbət təsir göstərəcək”.

 

Bənzər yazılar

0.38892292976379