Kamran Əliyev səfirliyimizə hücumla bağlı Livanın baş prokuroru ilə danışdı

 31-08-2023

Azərbaycanın Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefonla danışıb.

Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub.

Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycan Respublikasının dəstəyi və əməkdaşlığı təklif edilib.

Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.

Bənzər yazılar

0.16768479347229